• Bakı C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Paşinyan Minsk qrupunun ləğvi üçün qollarını çırmalayıb: İrəvan hökuməti bununla...
CƏMİYYƏT
10 Yanvar 2025 | 14:49

Paşinyan Minsk qrupunun ləğvi üçün qollarını çırmalayıb: İrəvan hökuməti bununla...

“Əslində Ermənistan üçün Bakının iki şərtindən birinin - Minsk qrupunun ləğvi barədə birgə müraciətin qəbul edilməsi heç bir problem kəsb etmir”.

Bunu siyasi şərhçi Fuad Abbasov Bakıvaxtı.az-a Ermənistan baş naziri Nikol Paşinyanın ATƏT-in Minsk qrupunun buraxılmasının mümkünlüyü barədə dediklərinə münasibər bildirərkən deyib.

Ekspert vurğulayıb ki, Paşinyan hökumətinin ilk növbədə Minsk qrupunun ləğvi üçün qollarını çırmaladığı görünür:

"İrəvan hökuməti Bakının Minsk qrupunun ləğvinə dair şərti ilə müəyyən iş getdiyinin görüntüsünü yaradır. Ancaq həqiqətən bu təsisatın qalmasına ehtiyac yoxdur, qalması tərəflər üçün, elə Ermənistanın özü üçün də faydasızdır”.

Müsahibimiz deyib ki, əslində Minsk qrupu müharibədən sonra avtomatik ləğv olunmuş sayılır:

“Ən azından Azərbaycan Minsk qrupunu birtərəfli tərk etdi. Dövlət başçısı açıq şəkildə həmsədrlərin heç bir iş görmədiyini, boş-mənasız zaman sərf etdiklərini vurğuladı. Qurum ümumiyyətlə fəaliyyətsizdir və bundan sonra da görəcəyi iş qalmayıb".

Fuad Abbasov: Minsk qrupu probleminin qısa zamanda ikitərəfli razılıqla həlli mümkündür

Analitk bəyan edib ki, Konstitusiya dəyişikliyi isə daha çox Ermənistanın daxili problemidir:

"Nəzərə alaq ki, Paşinyana müxalif olanların, köhnə klan tərəfdarlarının da sayı kifayət qədərdir. Onların hamısı referendumda birmənalı dəyişikliyin əleyhinə səs verəcəklər. Məsələ ondadır ki, Konstitusiya dəyişikliyi referendum yolu ilə olmalıdır. Paşinyan sadəcə öz imzası ilə bunu dəyişdirə bilməz. Nəticə etibarilə Paşinyan anlayır ki, Konstitusiya dəyişikliyi ilə bağlı addımı daxili ciddi qarşıdurmaya səbəb ola bilər. Ona görə də bu məsələdə tələsmirlər. Amma Minsk qrupu probleminin qısa zamanda ikitərəfli razılıqla həlli mümkündür".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan son müzakirələrlə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Baş nazir deyib ki, Ermənistanın regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olması üçün təklifləri bəllidir. Paşinyan bildirib ki, artıq 90 faizi hazır olan sülh sazişinin müddəalarının tam və səmərəli həyata keçirilməsi üzərində işləmək lazımdır.

Baş nazir ATƏT-in Minsk qrupunun buraxılmasının mümkünlüyündən də danışıb.

Xatırladaq ki, prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, sülh müqaviləsi ilə bağlı Bakının bütün şərtləri qəbul edilməlidir:

"Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi - bunlarsız sülh müqaviləsi mümkün deyil".

Erməni politoloq Armen Aşotyan bildirib ki, Minsk qrupunun buraxılması Azərbaycan liderinin ilkin şərtlərindən biridir və artıq icra olunmaqdadır.

Aydın Baxış


SON XƏBƏRLƏR