Rusiyada azərbaycanlılara qarşı törədilən hadisə dövlət tərəfindən törədilən cinayətdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, bu hadisə dövlət çətiri altında gizlənmiş və yaxud gizlədilmiş quldur dəstələri tərəfindən törədilib:
"Rusiya rəsmiləri bu adamları cəzalandırmaq əvəzinə, “araşdırılır” kimi mənasız ifadələrdən istifadə edirlər. Bu, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törədilən vəhşilikdir. Əgər insanın günahı və yaxud hər hansı cinayəti varsa, bu qanuna uyğun yolla cəzalandırılmalıdır.
Heç kimə haqq verilmir ki, insanı ailəsinin gözünün qarşısında öldürəsən. Bunun bir adı var - o da vəhşilik".
S.Rüstəmxanlının sözlərinə görə, tarix boyu Rusiyanın bu cür vəhşiliklərini görmüşük:
"Tarixdə Çar Rusiyasında, SSRİ Rusiyasında bu cür hadisələr, qətliamlar olub. Başqa xalqlara qarşı dözümsüzlük, nifrət, əsasən türk və müsəlman xalqlarına bu cür hadisələr törədilib. Bunu nə qədər gizlətməyə çalışsalar da, mümkün deyil. İndi də Rusiyada vətəndaşlıq alan, orada doğulan azərbaycanlıları məcburi ilə olaraq Ukrayna ilə müharibəyə göndərirlər. İnsanlar döyüşmək istəmir, lakin məcbur edirlər.
Rusiya və Ukrayna qardaş xalqlardır. Bir müddət sonra barışacaqlar. Niyə axı iki qardaşın arasında olan şeyə azərbaycanlıları qatırlar. Ukrayna cəbhəsində xeyli azərbaycanlı var, oranı müdafiə edirlər, Rusiya cəbhəsində azərbaycanlılar məcburi şəkildə müharibəyə göndərilir. Bizim milləti bir-birinə qarşı, üz-üzə qoyurlar.
Ümumiyyətlə Rusiyanın bu cür siyasəti bizi təəccübləndirməməlidir. Biz onların əməllərini 1990-cı ildə görmüşük. SSRİ-nin bütün ordu növləri azərbaycanlı dinc əhaliyə qarşı gəlib. O vaxt da bu, Rusiyanın siyasəti idi. O vaxt hamımız SSRİ vətəndaşı idik. Həmin vaxt da bu cür amansız hadisələri öz vətəndaşlarına qarşı törətdilər".
VHP sədri deyib ki, Azərbaycanda rus məktəblərinin, rus ali təhsil müəssisələrinin sayı artmaqdadır:
"Bunun təcili şəkildə üzərinə düşülməlidir, bunlara yox deməyin zamanı gəlib. Başqa dilin öyrənilməsində qarşı deyilik. Biz müstəqil dövlətik. Öz dilimizin təbliği ilə məşğul olmalıyıq. Azərbaycanda bəzi qüvvələr rus ocaqlarını körükləyirlər".
DAK həmsədrinin sözlərinə görə, 3 milyondan artıq həmvətənmiz Rusiyadadır:
"Biz Rusiya ilə münasibətləri hər zaman yaxşı saxlamağa çalışmışıq. Orada yaşayan azərbaycanlılar yaxşı işləyib yaşaya bilsin deyə, münasibətləri yaxşı saxlamışıq. Lakin birtərəfli sevgi olmur. Biz bütün vasitələrlə Rusiya ilə münasibətləri qoruyub saxlamağa çalışırıq. Amma o tərəfdə sərnişin təyyarəmiz vurulur, çox sayda dinc vətəndaşımız ölür. Hələ də bu məsələyə tam aydınlıq gətirilməyib. Üzdə yalandan xoş münasibət göstərir, arxada Ermənistanı qucağında saxlayır. Rusiya onlara hər cür güzəşt eləməyə hazırdır. Bizə gələndə isə düşmənçilik siyasətini davam etdirir. Bunun arxasında rəsmi siyasət dayanır.
Dünyada miqrasiya hazırda normal şeydir. Dünya köçür, Avropa köçür, müəyyən işlər qurulur. Avropada xeyli azərbaycanlı çalışır, lakin onlara qarşı Rusiyadakı kimi vəhşiliklər törədilmir.
Rusiyanın ümumiyyətlə miqrantlara ehtiyacı var. Orta Asiyadan gedən türk miqrantları olmasa Rusiyanın iqtisadiyyatı çökər. Çox böyük zərərlə qarşılaşarlar. Bunu hər kəs bilir və anlayır. Lakin yenə türklərə, müsəlmanlara qarşı düşmən niyyətlərini dəyişə bilmirlər. Mən yenə Rusiya tərəfinin azərbaycanlılara qarşı törətdiyi cinayətkar əməlləri pisləyirəm və tez bir zamanda qiymət verməyə çağırıram. Bu cinayəti törədənlər ağır şəkildə cəzalandırılmalıdır".