• Bakı 15° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Sülhə hazırıq bəyanatları və gerçək addımlar: Ermənistanın ritorikası ilə reallığı arasındakı ziddiyyət
SİYASƏT
15 May 2025 | 16:50

"Sülhə hazırıq" bəyanatları və gerçək addımlar: Ermənistanın ritorikası ilə reallığı arasındakı ziddiyyət

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında çıxışı zamanı bəyan edib ki, İrəvan Bakı ilə sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır. 

Bu cür bəyanatlar ilk baxışdan ümidverici görünsə də, son illərin siyasi davranış təcrübəsi göstərir ki, Ermənistanın ritorikası ilə real siyasi addımları arasında ciddi ziddiyyət mövcuddur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, əgər Ermənistan doğrudan da sülh sazişini imzalamağa hazırdırsa, bu sənədin bu günə qədər imzalanmaması suallar doğurur:

"Ermənistan tərəfinin beynəlxalq tribunalarda “sülhə hazırıq” mesajları verməsi, lakin eyni zamanda praktiki səviyyədə destruktiv mövqe nümayiş etdirməsi bu bəyanatların səmimiyyətinə ciddi şəkildə kölgə salır. Xüsusilə, 2020-ci ilin 10 noyabr bəyanatında nəzərdə tutulan Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi, bölgədə kommunikasiyaların açılması prosesinin ləngidilməsi və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş bəyanatlar Ermənistanın mövqeyində ardıcıl və etibarlı xəttin olmadığını göstərir".

Onun sözlərinə görə, Azərbaycan üçün sülh sazişi sadəcə hüquqi sənəd deyil, bu, bölgədə təhlükəsizliyin təminatı, ərazi bütövlüyünə hörmət və qarşılıqlı inamın təməlidir. Ermənistan isə bu prinsiplərə əməl etmək əvəzinə, tez-tez manipulyativ və populist çıxışlarla mövqe qazanmağa çalışır. Real nəticələr üçün sülh ritorikası siyasi davranışla üst-üstə düşməlidir: 

"Azərbaycan 30 ilə yaxın davam edən işğal nəticəsində həm maddi, həm də mənəvi baxımdan böyük zərərə məruz qalıb. Ermənistan isə bu zərərlərlə bağlı məsuliyyət daşımaq əvəzinə, kompensasiya və üzr məsələsini ümumiyyətlə müzakirəyə çıxarmaqdan yayınır. Üstəlik, minalanmış ərazilərdə insanların həyatını itirdiyi bir dövrdə sülhdən danışmaq, lakin real məsuliyyəti üzərinə götürməmək, siyasi və mənəvi baxımdan ziddiyyətli mövqedir".

Müsahibimiz onu da əlavə edib ki, sülh prosesinin uğurla nəticələnməsi üçün əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan bu dəhlizin istifadəyə verilməsini daxili auditoriyaya “ərazi güzəşti” kimi təqdim edərək prosesə süni maneələr yaradır. Halbuki bu dəhlizin açılması regionun iqtisadi inteqrasiyası üçün strateji əhəmiyyət daşıyır və həm Ermənistanın, həm də digər qonşu ölkələrin maraqlarına xidmət edir.

Kazım Kazımov: İrəvan hökuməti Azərbaycanın ərazi bütövlüyünü tam və qeyd-şərtsiz tanıdıqlarını açıq şəkildə bəyan etməlidir

Kazım Kazımovun fikrincə, əgər Ermənistan doğrudan da sülhə hazırdırsa, bu, bəyanatlarla deyil, konkret siyasi və hüquqi addımlarla sübut olunmalıdır:

"İrəvan hökuməti və siyasi qüvvələr Azərbaycanın ərazi bütövlüyünü tam və qeyd-şərtsiz tanıdıqlarını açıq şəkildə bəyan etməli, 10 noyabr bəyanatına uyğun olaraq Zəngəzur dəhlizinin açılmasına razılıq verməli, işğal nəticəsində vurulan zərərlərə görə kompensasiya mexanizmlərinin müzakirəsinə hazır olmalıdırlar. Əks halda, “sülhə hazırıq” kimi açıqlamalar sadəcə beynəlxalq ictimaiyyətin diqqətini aldatmaq və geosiyasi mövqe qazanmaq cəhdi kimi qiymətləndiriləcək".

Nəticə etibarilə həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan bölgədə davamlı və ədalətli sülhün tərəfdarı olaraq çıxış edir. Lakin sülh yalnız bir tərəfin istəyi ilə deyil, qarşılıqlı etimad, məsuliyyət və əməli fəaliyyətlə mümkün ola bilər. Ermənistan sülhə doğrudan da sadiqdirsə, bu sadiqliyini real addımlarla sübut etməlidir. Əks təqdirdə, sülh ritorikası sadəcə növbəti taktiki zaman qazanma vasitəsi olaraq qalacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR