Ağdaş rayonunda nikah yaşına çatmayan şəxsin nişan mərasiminin keçirilməsinə cəhd zamanı çəkiliş aparan media nümayəndələri ilə mərasimi planlaşdıran şəxslər arasında yaranmış münaqişə polis tərəfindən araşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, hazırda hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib.
Araşdırmanın nəticəsindən asılı olaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxslər barəsində məsuliyyət tədbirləri görüləcək.
Xatırladaq ki, Ağdaşda erkən nikahla bağlı çəkiliş aparan İTV əməkdaşlarına hücum edilib.
"İTV Xəbər"in çəkiliş qrupu hadisəni işıqlandırmaq üçün ərazidə olub. Baş verənlərə etiraz edən mərasim təşkilatçıları İctimai Televiziyanın çəkiliş qrupuna hücum edərək, onlara qarşı zorakı hərəkətlər törədiblər.
Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyunun keçiriləcəyi barədə daxil olan məlumat əsasında polis və aidiyyəti qurumlar araşdırma aparıb. Araşdırma zamanı qızın 17 yaşı tamam olmadığı müəyyən edilib.
Polis əməkdaşları və aidiyyəti qurumların məsul şəxsləri hər iki tərəfin valideynləri ilə izahedici söhbətlər aparıb, erkən nikahın hüquqazidd olduğu diqqətə çatdırılıb. Nəticədə planlaşdırılan toy məclisi təxirə salınıb.
















