• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

4 günlük iş rejimi: Azərbaycan bu sistemə hazırdır?

CƏMİYYƏT

14 Avqust 2023 | 15:39 | Müəllif: Qalib İbrahimoğlu

4 günlük iş rejimi: Azərbaycan bu sistemə hazırdır?

Son illər müxtəlif ölkələrdə 4 günlük iş rejiminə keçilməsi ilə bağlı müzakirələr aparılır. Araşdırmalardan və müzakirələrdən sonra hətta bəzi ölkələr 2022-ci ilin əvvəlindən 4 günlük iş rejiminə keçiblər.

Bakıvaxtı.az xatırladır ki, Birləşmiş Ərəb Əmirlikləri, İrlandiya, İslandiya, İsveç, Finlandiya, Niderland, Kanada, Belçika və digər dövlətlərdə bu məsələ əmək qanunvericiliyi ilə təsbit edilib. Gürcüstan, Rusiya və qardaş Türkiyədə də aktual müzakirə mövzusu olan bu iş rejimi artıq Qazaxıstanda da reallaşıb. Ölkə parlamentinin qərarı ilə 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edilib və iyulun 1-dən tətbiqinə başlanılıb.

Bir neçə gündür Türkiyədə də 4 günlük iş rejimi ilə bağlı müzakirələr gedir. Hətta ana müxalifət partiayası CHP-dən olan deputatlar da bunu dəstəkləyib.

Azərbaycanda da 4 günlük iş rejiminə keçid mümkündürmü?

Hüquq müdafiəçisi Sahib Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan bu rejimə keçə bilməz: “Mənim qənaətimə görə, bu, Azərbaycan üçün aktual olmayan mövzudur. Əvvəla, bəzi Avropa və MDB ölkələrində bu eksperimental olaraq tədbiq olunub. Özəl sektor bunu qanunvericilikdə hər hansı dəyişiklik olmadan edə bilər, ancaq dövlət müəssisəsi, büdcə təşkilatlarının etməsi üçün gərək qanunvericilik dəyişsin”.

Onun sözlərinə görə, heç bir ölkədə belə bir praktika yoxdur ki, dövlət orqanları 4 gün işləsin. Müsahibimiz görə, özəl sektor bunu o zaman edə bilər ki, işçilərin 4 gün işləməsinə baxmayaraq, əmək haqqı azalmır. Həmçinin, gərək işçilər də 5-6 günə hasil etdikləri işi 4 günə edə bilsinlər.

Sahib Məmmədov:  Bu sistem tədbiq edilsə, tıxaclar azalacaq, hava daha az çirklənəcək

S.Məmmədov qeyd edib ki, sahibkar qısa müddətdə çox hasilat əldə edə bilməlidir ki, əmək haqqını eyni səviyyədə saxlaya bilsin: “Sahibkar iş gününü azaltmaqla müəssisənin xərclərini azaltmış və daha çox qazanmış olur. Bunun üçün kifayət qədər texnoloji imkanları olan müəssisələrimizin olub-olmadığını bilmirəm. Hələ bunu etmirlərsə, deməli, bizdə o imkanlara malik müəssisə yoxdur ki, həm 4 günlük iş rejimi tədbiq etsin, həm də daha çox qazansın”.

Həmsöhbətimizə görə, əgər bu sistem kütləvi şəkildə tədbiq edilsə, tıxaclar azalacaq, hava daha az çirklənəcək: “Eyni zamanda, sahibkar müəssisəni daha az işlətməklə enerjiyə, istifadə olunan materiallara qənaət edəcək. İşçi isə daha çox istirahət edəcəyi üçün sağlamlığını qoruya biləcək”.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İsveç və Norveçdə artıq bu praktikadan istifadə edirlər: “Azərbaycanda buna keçid problemdir. Çünki Azərbaycanda rəsmi iş yerlərinə baxdıqda 1 milyon 7 yüz min muzdla çalışan iş yerləri var. Onların 900 mindən yuxarısı dövlət və büdcə sektorunda çalışır. Yəni müəllimləri necə 4 günlük iş rejiminə keçirmək olar? Bu zaman hansı keyfiyyətdən danışmaq olar? Və yaxud polisi necə 4 günlük iş rejiminə keçirmək olar?! Mümkün deyil. Həmçinin, “Azəriqaz”, “Azərsu”, “Azərişıq”, neft və qaz sektoru 24 saat çalışırlar. Azərbaycanın iş bazarına baxanda bütün bunlar problemdir”.

Natiq Cəfərli: Azərbaycan reallıqları ilə 4 günlük iş rejimini tədbiq etmək çox çətindir

Ekspert vurğulayıb ki, bu sistemi özəl sektora tədbiq etmək, ümumiyyətlə, çox çətindir: “Özəl sektora 4 gündən artıq çalışmağı qadağa etsəniz, məcburdur ki, daha çox işçi götürsün. Çünki 4 gün işləyəcəklərsə, qalan günlərə əlavə işçi götürmək lazımdır. Bu zaman da əlavə maaş vermək lazımdır. Yəni Azərbaycan reallıqları ilə 4 günlük iş rejimini tədbiq etmək çox çətindir”.

Müsahibimizin qənaətincə, sadəcə dövlət buna təşviq edə bilər: “Məsələn, bu rejimə keçən şirkətlərə vergi güzəştləri ola bilər. Müəyyən təşviq addımları ilə, bəlkə də, buna nail olmaq mümkün olar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026