6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi tarixində önəmli dönüş nöqtələrindən biri oldu.
Bu müharibə yalnız fiziki döyüşlər və hərbi texnologiyalar baxımından deyil, eyni zamanda ordunun mənəvi-psixoloji hazırlığının gücləndirilməsi baxımından da əlamətdar bir hadisədir. Qələbə ruhu, vətənpərvərlik hissi və milli birlik kimi amillər Azərbaycan Ordusunun mənəvi-psixoloji hazırlığının artmasına böyük təsir göstərşdi.
Bakıvaxtı.az müharibədən sonra Azərbaycan Ordusunun mənəvi-psixoloji hazırlığı, bu hazırlığın inkişaf etdirilməsi yolları və onun ölkənin müdafiə gücünə təsirini ətraflı şəkildə təhlil edib.
Elşad Hüseynov: Müharibədən sonra qələbə ilə bağlı yaranan fəxr hissi döyüş ruhumuzu daha da möhkəmləndirib
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, Silahlı Qüvvələr Veteranı Elşad Hüseynov cavablandırıb.
Elşad Hüseynov bildirib ki, 44 günlük müharibə Azərbaycan Ordusu üçün bir çox istiqamətdə sınaq dövrü oldu:
"Ordunun qələbəsi hərbi personalın mənəvi gücünü yüksəltdi və ordunun döyüş qabiliyyətini daha da artırdı. Müharibədən əvvəl və müharibə dövründə hərbi personalın mənəvi hazırlığına xüsusi diqqət yetirilmişdi. Psixoloji dəstək, vətənpərvərlik mövzuları üzrə keçirilən təlimlər əsgərlərin döyüş ruhunu yüksəltdi. Müharibədən sonra qələbə ilə bağlı yaranan fəxr hissi isə bu ruhu daha da möhkəmləndirdi".
Müsahibimiz şəxsi heyətdə yaradılan qaliblik ruhundan da söz açıb. Onun sözlərinə görə, qələbə ruhu Azərbaycan Ordusunun mənəvi-psixoloji hazırlığında mühüm rol oynadı. Bu ruh ordunun hər bir bölməsində yüksək motivasiya və inam yaratdı. Qələbənin gətirdiyi fəxr hissi hərbi personalın özünəinamını artırdı və gələcəkdə qarşılaşa biləcək hər hansı bir çətinliyə daha dayanıqlı olmasına kömək etdi:
“Bu, ordunun hərbi əməliyyatlarda daha çevik və səmərəli fəaliyyət göstərməsinə şərait yaratdı. Vətən müharibəsində şəhid olanların mənəvi mirası olan Qarabağ Savaşı ordumuzun mənəvi-psixoloji hazırlığında əhəmiyyətli rol oynadı. Şəhidlər öz canlarını vətən uğrunda fəda edən qəhrəmanlar kimi qəbul edilir və bu hal orduda güclü vətənpərvərlik ruhu yaradır. Şəhidlərin xatirəsi şəxsi heüyət üçün bir motivasiya mənbəyi olmuşdur. Həmçinin, bu səpkidə təlimlər və sinif dərsləri Azərbaycan Ordusunda mənəvi-psixoloji hazırlığın əsas komponentlərindən biridir. Bu dərslər hərbçilərin öz vətəninə və xalqına olan bağlılığını gücləndirmək, milli dəyərləri aşılamaq və döyüş ruhunu yüksəltmək məqsədi daşıyır. Bu cür təlimlərin keçirilməsi, əsgərlərin və zabitlərin döyüş zamanı yüksək motivasiya ilə hərəkət etməsinə və hər hansı çətin vəziyyətdə mənəvi gücünü qoruyub saxlaya bilməsinə şərait yaradır. Mənəvi-psixoloji hazırlıq dərsləri zamanı Azərbaycan tarixində qazanılan qələbələr və qəhrəmanlıq hekayələri xüsusi olaraq vurğulanır. Bu, əsgərlərdə milli qürurunu artırır və onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşə hazır olmalarını təmin edir. Xüsusilə, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti və bu müharibədə şəhid olan qəhrəmanların xatirəsi təlimlərdə xüsusi yer tutur".
Cəmiyyət və ordu arasında yaranan münasibətlərdən danışan ehtiyatda olan zabit vurğulayıb ki, milli həmrəylik və xalqın dəstəyi faaktoru bu gün də ordumuzun şəxsi heyətinin şücaətində böyük pay sahibidir:
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyəti və ordusu arasında münasibətlər daha da möhkəmləndi və bu münasibətlər ordunun mənəvi-psixoloji hazırlığına əhəmiyyətli təsir göstərdi. Müharibə dövründə və ondan sonrakı müddətdə Azərbaycan xalqı ilə ordu arasında yaranan sarsılmaz bağ, hər iki tərəfin bir-birinə göstərdiyi dəstəyin nəticəsi olaraq ortaya çıxdı. Cəmiyyətin orduya olan münasibəti Vətən müharibəsi zamanı özünün ən yüksək səviyyəsinə çatdı. Hər bir ailənin, fərdin və vətəndaşın qələbəyə olan inamı və ordunun fəaliyyətinə verdiyi dəstək ordunun mənəvi-psixoloji hazırlığını gücləndirdi. Hərbi əməliyyatlar zamanı cəmiyyətin ordunu yüksək qiymətləndirməsi və onların göstərdikləri qəhrəmanlıqlara böyük hörmətlə yanaşması, əsgərlərin və zabitlərin döyüş ruhunu daha da artırdı. Bu dəstək, müharibənin qələbə ilə nəticələnməsində mühüm rol oynadı və hərbi personal arasında milli qürurun və vətənpərvərlik hissinin güclənməsinə səbəb oldu".
Müsahibimiz diqqətə çatdırıb ki, post-müharibə dövründə də bu münasibətlər inkişaf edib. Ordumuzun şəxsi heyətində yaranan ruh yüksəkliyinin səbəblərindən biri məhz ordu-xalq birliyidir:
"Müharibədən sonra da bu münasibətlər qorunub saxlandı və inkişaf etdi. Ordunun cəmiyyətə yaxınlığı, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı, həmçinin hərbi tədbirlərdə cəmiyyətin fəal iştirakı, bu münasibətlərin daha da dərinləşməsinə kömək etdi. Xalqın orduya olan inamı, ordunun hər bir üzvünün öz vəzifəsinə daha böyük məsuliyyətlə yanaşmasına səbəb oldu. Cəmiyyətin hərbçiləri qəhrəmanlar kimi qəbul etməsi onların mənəvi gücünü artırdı və bu, gələcəkdə hər hansı bir təhlükəyə qarşı ordunun daha güclü və hazır olmasına şərait yaratdı. Eyni zamanda, müharibədən sonra ordu ilə cəmiyyət arasında məlumat mübadiləsinin artması və daha şəffaf əlaqələrin qurulması, bu münasibətlərin möhkəmlənməsinə töhfə verdi. Sosial media vasitəsilə ordunun fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması, cəmiyyətin ordu haqqında məlumatlılığını artırdı və hərbi personalın cəmiyyət qarşısında hesabatlılığına şərait yaratdı. Bu, ordunun fəaliyyətinin daha səmərəli olmasına və hərbi personalın öz missiyasını daha yaxşı yerinə yetirməsinə imkan verdi".
Silahlı Qüvvələr Veteranı açıqlamasında beynəlxalq təcrübədən söz açıb. Hərbçi diqqətə çatdırıb ki, beynəlxalq təlimlərin müharibədən sonrakı dövrdə mənəvi-psixoloji hazırlıq məsələlərində rolu böyük olub:
"Ümumiyyətlə, Azərbaycan Ordusu beynəlxalq təlimlərdə iştirak edib. Lakin müharibədən sonrakı dövrdə bu tip tədbirlər əsgər-zabit heyətinin mənəvi-psixoloji hazırlığını artırır. Beynəlxalq təlimlər zamanı ordunun müxtəlif ölkələrin təcrübəsindən faydalanması və müasir hərbi metodların öyrədilməsi, ordunun mənəvi gücünü və döyüş qabiliyyətini artırır. Həmçinin bu təlimlər ordunun beynəlxalq səviyyədə tanınmasına və güclənməsinə şərait yaradır".
Beləliklə, bu nəticəyə gəlmək olar ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun mənəvi-psixoloji hazırlığı əhəmiyyətli dərəcədə güclənib. Qələbə ruhu, milli birlik və beynəlxalq təcrübənin mənimsənilməsi ordunun döyüş qabiliyyətini və dayanıqlığını artırıb. Ordunun mənəvi-psixoloji hazırlığı Azərbaycanın müdafiə qabiliyyətinin vacib tərkib hissəsinə çevrildi və bu hazırlıq gələcəkdə ordunun hər hansı bir çətin vəziyyətə qarşı dayanıqlı və çevik olmasını təmin edəcək.
Əli Hüseynov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb