Bu gün martın 8-dir. Xanımların günüdür bu gün. Beynəlxalq Qadınlar günüdür.
Bu günün tarixi isə… Bu mövzular çox danışılıb. Günün necə yarandığı, necə olduğunu az-çox bilirik. Amma bilmədiklərimiz də az deyil. Görəsən, martın 8-də hədiyyə almaq üçün nə qədər pulumuz olmalıdır? Hansı hədiyyə neçəyədir? Qiymətlər necə dəyişir?
Bakıvaxtı.az bu sualları əsas tutaraq paytaxtda sorğu keçirib.
Düzü, kişilərin bir çoxu kimi, mən də narahatam. Səbəb məlumdur - Hədiyyələr almalıyam…
Gəlirlərimi və xərclərimi hesablaya-hesablaya gəlib çıxdım “Memar Əcəmi” metrostansiyasının yaxınlığına. Qarşıma bir gül dükanı çıxdı. İçəri daxil olub, satıcı ilə salamlaşdım.
-Salam, hər vaxtınız xeyir.
- Salam, xoş gəlmisiniz. Buyurun.
Başladım gülləri seyr etməyə…
Nə yalan deyim, çox gözəl güllər var. Hələ qoxularını demirəm. Adamı bihuş edir…
Dekorasiyalar dəyişib, gül çeşidləri artıb, əməkdaşlar “gücləndirilmiş iş” rejmində çalışırlar.
Və bu da mənim gəlişimdən sonra gələn ilk müştəri…
-Salam, xoş gəlmisiniz.
- Salam. Bu güllər neçəyədir? (İçərisində təxminən, 3-4 ədəd qızılgül olan buketi göstərir)
- 35 manatadır, müəllim.
Alıcı tərəddüd içərisində soruşur:
- 35 manat?
-Bəli
- Axı keçən həftə soruşmuşdum, 25 manata idi.
- Bayrama görə qiymətlər artıb.
Satıcı və alıcı söhbətləşib, razılaşdılar, satış baş tutdu.
Müştəri gedəndən sonra satıcıya yaxınlaşıb suallarımı verdim:
- Güllərin qiyməti neçə manatdan başlayır?
- Güllər müxtəlifdir. Hər qiymətə varımızdı. 4 manatdan başlayır. Ən ucuz olan tülpanlardır.
- Qızılgüllər neçəyədir?
- Onların da qiymətləri müxtəlifdir. Bir dənəsi 5 manatdan başlayır, 6-8 manat civarı dəyişir.
- Qiymət gülün hansı özəlliyinə görə dəyişir?
- Gəldiyi yerlərə görə.
- Məsələn...
- Məsələn bu güllər (yaşıl tülpanları göstərir) Hollandiyadan gəlib. 8 manatadır.
- Bəs digərləri haradan gətirilir?
- Elə hamısı Hollandiyadan gəlmədir.
Görünür, qiymət fərqinin əsil səbəbi gülün gətirildiyi ölkə ilə bağlı deyilmiş. Doğrusu, mövzu o qədər də diqqət mərkəzimizdə olmadığı üçün, “dərinə” getmədim… Əsas qiymətlərdir. Artımlar nəzərəçarpacaq dərəcədədir. Elə bunu satıcıdan soruşmaq qərarına da gəldim.
- Qiymətlərdə artım var?
- Hə, artımlar var. Məsələn bayaq 4 manata dediyim gül normal günlərdə 2 manat olur. Bayram günlərində qiymətlər qalxır.
- Yəqin, bu gün də baha satacaqsınız?
- Hə... Həmişə elə olur. Əvvəl günlərdən başlayırıq. Yavaş-yavaş bayrama qədər tənzimləyirik…
- Ən çox hansı güllər satılır?
- Ən çox qırmızı roza satırıq.
- Qızılgül...
- Hə, sevgililər alırlar əsasən. Bildiyim qədər ilə(gülür).
Yenidən danışmağa başlayır.
- Əslində bizim dkan çoxdandır işləyir. Ona görə müştərilərimiz çoxdur. 20 ilə yaxındır bu mağaza var. Bu tərəflərdə hamı bizdən alver edir. Adımızı doğrultmuşuq. Amma gül işi çətin işdir. Xarab oldusa, sata bilmədinsə, qalır ayağında… Gərək arxalı adamın ola. Dayday lazımdır…
Mən də zarafata “dayday yaxşı şeydir, hər adama lazımdır. Daydaysız yaşamaq olar?”- deyə əlavə edirəm. Gülürük.
Bu əsnada bir müştəri də içəri daxil olur. Salamlaşır, gül qiymətləri ilə maraqlanmağa başlayır.
-Bu buket neçəyədir?
- Güllərin sayından aslı olaraq dəyişir, müəllim. 30 manatdan başlayır, 170 manata qədər olan buketlərimiz var.
Alıcı təlaşla deyir.
-Yox, yox. Ucuz yoxdur?
- 30 manatlıqları göstərim?
- Hə, hansılardır?
Uzun söhbətdən sonra müəllim gülü alıb, gedir. Satıcı əsəbi şəkildə başlayır şikayətlənməyə.
- Bütün günümüz belədir. Qəribə-qəribə adamlar gəlir. Əşi, al da, nə olasıdır? İldə bir gün olan şeydir. Ailəndən vacib deyil ki? Allah bizə səbir versin.
- Baş qoşma, qardaş. Allah səbir versin.
- Yox ee, bütün gün işləyirik. Bu gün canımız çıxacaq. Yüz cür adam gəlir. Bir saat baxır, almayıb, gedir. Ayıbdır ee.
Gördüm ki, satıcı əsəbləşib, başladım mövzunu dəyişməyə.
- Nə gözəl buketdi bu? (buketi göstərirəm)
- Hə, əladı. Qəşəg də qiyməti var. 90 manatdır.
- Niyə belə baha?
- Belə olur da. Buketlər bahadır. Kasıb adamlarıq, bizə buket lazımdır? Biz bayramalrı səbətlərlə yola verməliyik(gülür).
- Səbətlər neçəyədir?
- 25 manatdan başlayır.
- Axı içərisində iki dənə roza var…
- Onları biz özümüz düzəldirik. Dekor-filan baha olur. Ona görə. Amma belə yaxşıdır, sərfəlidir. Bu gün 30 manata satırıq. Əvvəl 20 manat idi.
- Ay maşallah. 50% qiymət arıtmı var…
- 50% ?
- Aha…
- Hə də, 10 manat. Yarısıdır. Düz deyirsiniz.
“Bazar olsun, yorulmayasınız”, - deyib onunla sağollaşdım.
Fikirli- ikirli oyuncaq satılan dükan axtarmağa başlayıram. "Evrika, tapdım".
Yaxşı dükana bənzəyir. İçəri daxil olub, satıcılarla salamlaşdım. Özümü təqdim edib, bir neçə sualımın olacağını dedim. Danışdıq, razılaşdılar. Başladım oyuncaqlarlaa maraqlanmağa.
- Kuklalar neçəyə olur?
- Müxtəlif qiymətlərə var. 15 manatdan başlayır. Bax bunlar (Ən balacasını göstərir) 15 manatdır. Ən böyüklər də 300 manatadır.
- Qiymətlər qalxıb, yoxsa ümumən belədir?
- Yox, bayramdır deyə qalxıb. Normalda bu balaca kukla 10 manata olur, indi olub 15 manat…
- Satış var?
- Hə, pis deyil. Bayrama görə çox satılır. Kukladır da, xarab olmur ki…
- Bazar olsun, yorulmayasız.
- Çox sağ olun, qardaş. Sizin də işiniz çətindir ee, nə qədər xəbər olur…
- Hə, elədir. İşimizi görürük. Təki hər şey yaxşı olsun.
- 8 martdı ee, deyirəm, əsl sevgilidən ayrılası hava var(gülür).
- Baxır kiminlə, nələr tələb edən xanımla sevgilisən. Seçimdən çox şey asılıdır.
- Əşi ee, hansı qız hədiyyə istəməz ki? Hamısı eynidir. Hamısına pul lazımdır. İndiki zamanda pulsuz heç nə olmur.
Üsyankar satıcı dayanmaq bilmir. Gördüm, mühit o deyil, dedim necəsə getməliyəm. Bu günlərdə diqqətli olmaq lazımdır. Adamın başına pis iş gəlsə belə, qızlar inanmırlar ki, 100% hədiyyə almağın dərdindən belə edir. Sağollaşıb, aradan çxıdım.
Bu gün bayramdır. Şəhərimizin hədiyyə və gül dükanlarında durum belədir… İndi nə edək. Satıcı demiş, “ildə bir olan gündür, hədiyyə almaq lazımdır”. Amma seçim məsələsində də diqqətli olmaq vacibdir. Həm qarşı cinsdən ömrünüzü davam etdirmək üçün seçdiyiniz insanı, həm də hədiyyəni düzgün seçməlisiniz. Əks halda, növbəti bayramı yalnız, ömrünüzü yalqız qeyd edəcəksiniz. Hədiyyəyə görə sizin yanınızda olanları yox, sizi özünə hədiyyə bilənləri – analarınızı, bacılarınızı, xanmlarınızı sevin.
İndi isə hədiyyələri seçmək zamanıdır. Sevgi ilə qalın….
Ziyafət Əlisoy