Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov Fransanın ictimai televiziyasında yayımlanmış “Complément d’enquête” (Əlavə tədqiqat) sənədli filmi və onun əsasında dərc olunmuş “Xarici müdaxilə: Azərbaycan 2024-cü ilin may ayında Yeni Kaledoniyada baş verən iğtişaşların alovlanmasına səbəb oldumu?” məqaləsində səsləndirilən ittihamlara cavab verib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Abbas Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupunun 15 aprel 2025-ci ildə Fransanın əsarəti altında olan ərazilərin müstəqilliyi uğrunda mübarizə aparan nümayəndələri ilə birgə BMT-nin Nyu-Yorkdakı Baş qərargahında təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” adlı beynəlxalq konfransa cavab olaraq Fransanın ictimai televiziyasında aprelin 17-də Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə qarşı növbəti qərəzli və jurnalistika etikasına uyğun gəlməyən veriliş yayımlanıb:
“Əslində, verilişə cavab verməmək də olardı. Belə ki, BTQ-in yerinə Numea prokuroru Yves Dupas və Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) rəsmisi Mikael Forrest ittihamları cavablandırmışdı. Deyildiyi kimi, Fransa hökuməti telefonları dinləyir, bank hesablarını tam nəzarətdə saxlayır, hətta evlərə basqın edib yoxlamalar aparır. Əgər BTQ-nin müdaxiləsi olsaydı, əminliklə söyləyə bilərik ki, Fransa tərəfi bundan böyük şou yaratmış olardı. Heç bir faktın tapılmaması Fransa hökumətini bu cür riyakar verilişlər sifariş etməyə vadar edir.
Hollivud kinolarına bənzər “popkorn verilişinə” gəldikdə isə, BTQ onun beynəlxalq hüquq çərçivəsində apardığı fəaliyyətinə, habelə 2024-cü ilin may ayında Kanakidə baş vermiş hadisələrlə bağlı Kanak xalqının nümayəndələrinə qarşı səsləndirilmiş əsassız, qeyri-obyektiv və qərəzli ittihamları rədd edir.
Fransa hökumətinin sifarişi ilə ərsəyə gəlmiş bu veriliş “fake news” olmaqla yanaşı, Fransanın əsarət altında saxladığı xalqların tələblərini icra etməkdən boyun qaçırtmaq üçün növbəti “əsaslandırmasıdır”.
Kolonializm və onun müasir təzahürləri ilə mübarizə mərkəzinə çevrilmiş Azərbaycanın ərazisində fəaliyyət göstərən BTQ-yə sözügedən verilişi izləmək və cavab verməsini bloklamaq cəhdi Fransa hökumətinin iyrənc müstəmləkəçi simasının növbəti təzahürüdür.
Azərbaycana girişinə şərait yaradılan, habelə BTQ-nin təşkil etdiyi yan tədbiri çəkən fransalı jurnalistlər səsləndirdikləri ittihamlara cavab olaraq BTQ-nin mövqeyini sorğu etməyi özlərinə borc bilməyiblər. Halbuki obyektiv jurnalistika bunu tələb edir. Birtərəfli fikir yürütmək qərəzçiliyin sübutudur.
Fransa hökumətinə, eləcə də Fransa televiziyalarına məsləhət görürük ki, BTQ-nu araşdırmaq üçün xərclədikləri böyük pulları Kanak xalqının sosial rifahına xərcləsinlər. Verilişdəki görüntülərdən də aydın göründüyü kimi, Kanaklar müstəmləkəçiliyin təzahürü nəticəsində çox çətin şərtlər altında, iqtisadi cəhətdən ağır şəraitdə yaşayırlar.
BTQ-dən süni düşmən obrazı formalaşdıran, beynəlxalq və fransız ictimaiyyətini aldatmaqda davam edən və vaxtı ilə xarici işlər naziri Bernard Kuşnerin simasında “humanitar müdaxilə hüququnu” təşviq edən Fransa hökuməti riyakarcasına BTQ-ni Fransanın daxili işlərinə müdaxilə etməkdə ittiham edir.
2020-ci ildə BMT Baş Assambleyası 75/123 nömrəli qətnaməsi ilə 2021-2030-cu illəri Kolonializmin ləğv edilməsinin 4-cü Onilliyi elan etmişdir. BTQ 4-cü Onilliyin son olacağına ümid edərək, beynəlxalq hüquq çərçivəsində ümumbəşəri dekolonizasiya prosesinə öz dəstəyini göstərməyə davam edəcək.
BTQ Fransa hökumətini kolonialimz siyasətindən əl çəkməyə, Kanaki, Mao’hi Nui, Mayot, Qvadelupa, Martinik, Saint-Martin, Fransız Qvianası, Reyunyon, Wallis və Futuna, Korsika xalqlarının dekolonizasiya hüququna hörmət etməyə çağırış edir, Fransa hökumətinə bu məsələdə BTQ-nin vasitəçilik rolunu təklif edir”.