• Bakı 16° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Paşinyan Əliyevlə arasında səmimi münasibət yaranmasını istəyir - AÇIQLAMA

SİYASƏT

19 May 2025 | 14:25

Paşinyan Əliyevlə arasında səmimi münasibət yaranmasını istəyir - AÇIQLAMA

Məlum olduğu kimi, Albaniyanın paytaxtı Tiranada Azərbaycan Respublikasınınm Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bir görüş baş tutub.

Bakıvaxtı.az-ın məlumatına görə, Avropa Siyasi Birliyi təşəbbüsünün 6-cı sammiti çərçivəsində reallaşan budəfəki görüş daha çox “söhbət-ünsiyyət” formatında olub. Yayılan videomaterialda əvvəlcə dəhlizdə Əliyevlə Paşinyan arasında baş tutan söhbət əks olunur. Daha sonra videoda görünür ki, həmin masaya Azərbaycanın prezidentinin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Nikol Paşinyanın mətbuat katibi də qoşulublar.

Görüşlə bağlı yayılmış rəsmi məlumat qısa və standartdır. Qeyd olunub ki, tərəflər sülh sazişinin mətninin razılaşdırılmasını vacib hesab edib, mövcud vəziyyəti müzakirə edib və sazişin imzalanması istiqamətində prosesi davam etdirməyin önəmini vurğulayıblar. Əlavə detallara dair heç bir məlumat açıqlanmayıb.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəllər də bu cür görüşlərə təşəbbüs göstərib. Onun sözlərinə görə, budəfəki kadrların birindən görünür ki, Paşinyan Azərbaycan prezidentinə kofe içərək söhbətləşmək təklifini verir, amma dövlət başçısı məşğul olduğunu söyləyir:

"Buradan aydın olur ki, Ermənistanın Baş naziri Azərbaycan lideri ilə arasında səmimi münasibət yaranmasını istəyir. Hesab edir ki, səmimiyyət yaranarsa, iki ölkə arasında sülh prosesi sürətlənə bilər. Yəni Paşinyanın yaratdığı görüntü, elan etdiyi budur. Təbii ki, sülhü ən çox istəyən Azərbaycan tərəfidir. Azərbaycan Cənubi Qafqazda sülh və sabitlik olmasını ən çox istəyən və ilk başda bunu təklif edən dövlətdir. Amma Bakının tam haqlı şərtləri var. Paşinyanın isə bu məsələdə yanaşması fərqlidir. Azərbaycan tərəfi birmənalı vurğulayır ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qalmaqdadır və bunlar sülhə ziddir. Digər yandan artıq heç bir əhəmyyət kəsb etməyən və fəaliyyətsiz ATƏT-in Minsk qrupunun ləğvini tələb edir".

Turab Rzayev: Azərbaycan və Türkiyə prezidentlərinin Albaniyada birgə görüntü verməsi gündəmə damğa vurdu

Analitik diqqətə çatdırıb ki, Paşinyan bu iki tələbi birmənalı geri çevirməsə də, iki məsələnin sülh prosesinə paralel aparılmasını istəyir:

"Baş nazir düşünür ki, tərəflər sülh müqaviləsini imzaladıqdan sonra Minsk qrupunun da buraxılması prosesinə başlanılsın. Eyni zamanda Ermənistan Konstitusiya məsələsi sülh sazişinin əleyhinə çıxarsa, o zaman Konstitusiyada dəyişiklik edilsin. Yəni belə fikir ayrılıqları mövcuddur. Lakin ümumi halda tərəflər görüşdən, müzakirədən uzaq durmurlar”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentlərinin Albaniyada birgə görüntü verməsi gündəmə damğa vurdu. Onun sözlərinə görə, bəllidir ki, bu, həm Nikol Paşinyana, həm də onun əsas himayədarı Fransa prezidenti Emmanuel Makrona mesaj idi:

“Mesaj da o idi ki, Azərbaycan və Türkiyə hər zaman birlikdədir".

Aydın Baxış


SON XƏBƏRLƏR