ABŞ-ın Əfqanıstandakı Səfirliyi ölkə vətəndaşlarına müraciət edib.
Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, səfirlik mövcud uçuşlardan istifadə edərək Kabil və digər şəhərləri dərhal tərk etməyi tövsiyə edib.
"Təyyarə bileti ala bilmirsinizsə, vətənə qayıtmaq üçün ABŞ-ın Kabildəki Səfirliyi ilə əlaqə saxlayın", - səfirliyin açıqlamasında bildirilir.
Son məlumatlara görə, Taliban ölkənin 3-cü böyük şəhəri olan Herat şəhərinə də nəzarəti əsasən təmin edib. Bundan əvvəl isə qruplaşmanın Qəndəharı ələ keçirdiyi deyilirdi. Hazırda ölkənin əksər bölgələrində Talibanla hökumət qüvvələri arasında güclü atışmalar gedir.
Qeyd edək ki, Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən "Taliban"la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.
















