Ötən ay ABŞ və Böyük Britaniya qüvvələri İraqdakı son hərbi bazalarını (o cümlədən İrbil və Bağdaddakı obyektləri) tərk edərək ikiqəsdlik hərbi mövcudluğa və İŞİD-ə qarşı "Inherent Resolve" missiyasına rəsmi olaraq son qoydular. Həmçinin regional münaqişələr fonunda İraqda ciddi siyasi və təhlükəsizlik dəyişiklikləri baş verir.
Ölkə daxilində silahlı qrupların tərksilah edilməsi istiqamətində aparılan siyasət İraqın geosiyasi aləmdəki vəziyyətinə necə təsir edə bilər?
Politoloq Natiq Miri mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan bildirib ki, İraq dövlətinin etdiyi dəyişikliklər öz suverenliyini bərpa etmək adına çox müsbət hadisələrdir. Çünki müxtəlif bəhanələrlə İraqa hərbi müdaxilə edən ABŞ-nin rəhbərlik elədiyi koalisiya artıq İraq ərazisini tərk etdi:
"ABŞ-nin İraq ərazisini tərk etməsi imkan verir ki, İraq yenidən müstəqil dövlət kimi toparlana və bütün ərazilərində suveren hüquqlarını bərpa etmiş olsun. Eyni zamanda, paralel olaraq Birləşmiş Ştatlarının rəhbərlik elədiyi koalisiya İraqdan çıxarılırsa və İraq suveren bir dövlət olaraq bundan sonra öz fəaliyyətini müəyyənləşdirirsə, deməli, İraqda dövlət güc orqanlarından başqa heç bir güc və silahlı qruplaşmalar mövcud ola bilməz. O baxımdan İraqın Baş nazirinin konkret qərarı ilə bütün silahlı qruplaşmalar öz silahlarını dövlətə təhvil verməlidirlər. Yəni, İraq daxilində yalnız dövlət güc orqanları silah daşımaq səlahiyyətinə malik olacaq".
N. Miri vurğulayıb ki, İraq qonşu dövlətlərlə, o cümlədən Türkiyə ilə artıq konkret anlaşma da əldə edib. PKK kimi terror təşkilatlarının, o cümlədən İranın proksi qüvvələrinin tamamilə silahsızlaşdırılmasından sonra qardaş Türkiyə də Mosulda olan hərbi bazasını tədricən tərk etməyə başlayacaq. Bu, İraq dövləti adına və təhlükəsizlik nöqteyi-nəzərindən çox müsbət hadisə kimi dəyərləndirilməlidir.

Politoloq Natiq Miri
"Dövlətdən kənar silahlı qruplaşmaların varlığı bir dövlətin hər zaman təhlükəsizliyini təhdid edən çox ciddi amildir. Belə bir dövlət beynəlxalq aləmdə normal, hüquqi, suveren bir dövlət kimi, eyni zamanda etibarlı və təhlükəsiz tərəfdaş kimi qəbul edilə bilməz. Ona görə İraqın Baş naziri Zeydin bu qərarı icraata yönələr və konkret ciddi nəticələr əldə olunarsa, bu, beynəlxalq aləmdə İraqın nüfuzunu qaldıracaq. İraqa olan etimadı və İraq dövlət olaraq bir təhlükəsizlik amili olaraq qəbul olunacaq.
Ona görə də hər bir cəhətdən İraq dövlətinin bütünlüyü və suverenliyi üçün bütün silahlı qruplaşmaların ləğvi mütləqdir. Bu kontekstdə ola bilsin ki, müəyyən qruplaşmalarda olan insanlar İraqın dövlət güc orqanlarına transfer olunacaqlar. İstəməyənlər də bütövlükdə silahı təhvil verəndən sonra tamamilə bu qruplaşmalardan çıxmaq məcburiyyəti ilə üzləşəcək. Əks təqdirdə, dövlət onları tərksilah etmək üçün xüsusi təhlükəsizlik əməliyyatlarına başlayacaqlar" - deyə müsahibimiz izah edib.
Yezidi kürdlərin yaşadığı Sincar bölgəsinin əslində bir terror yuvası olduğunu bildirən N. Miri hesab edir ki, başda PKK olmaq şərtilə İranın dəstəklədiyi Həşdi Şabi milisləri də orada özlərinin ciddi fəaliyyətlərini qurublar, yerləşiblər və konkret təlim mərkəzləri yaradıblar. Dolayısı ilə sözügedən bölgədə idarəetmə bu terror qruplaşmalarının ixtiyarındadır:
"Bir dövlətin içində bu cür terror qruplaşmaları mövcud olduqca bu dövləti heç bir beynəlxalq aləmdəki dövlətlər ciddi saymaz, onunla əməkdaşlıqda o qədər də maraqlı olmaz. Çünki hər bir dövlət üçün, o cümlədən xüsusi maliyyə mərkəzləri və şəbəkələri üçün İraqın mütləq mənada sabitliyə ehtiyacı var. Bu zaman investisiya üçün risk amilləri aradan qalxacaq. İraq əgər gələcək inkişafını normal dövlət olaraq təmin etmək istəyirsə, bu silahlı qruplaşmalar ləğv olunmalı və silahlar dövlətə təhvil verilməlidir. Düşünürəm ki, İraq bu istiqamətdə qardaş Türkiyə ilə birgə fəaliyyət göstərəcək. Əks təqdirdə Sincarı tərk etmək istəməyən terrorçu qruplara qarşı İraq və Türkiyə birgə hərbi əməliyyatlar həyata keçirə bilər".
Gülşən Şərif
















