Rəsmi Vaşinqton Gürcüstana qarşı əlavə tədbirlər, o cümlədən ölkədə keçirilən etiraz aksiyaları ilə əlaqədar sanksiyalar tətbiq etmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilib.
"Birləşmiş Ştatlar indi bizim ixtiyarımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyaların tətbiqindən istifadə etməyə hazırlaşır. Bundan əlavə, daha əvvəl elan etdiyimiz ikitərəfli əməkdaşlığı nəzərdən keçirilməsi də ügndəmdədir", - ABŞ xarici siyasət departamentinin rəhbəri bildirib.
Onun fikrincə, Gürcüstan hakimiyyəti dinc toplaşmaq və ifadə hüququndan istifadə etdiklərinə görə həbs olunanları dərhal azad etməlidir.
Dövlət katibinin sözlərinə görə, qeyri-qanuni güc tətbiqində günahkar olan məmurlar tam məsuliyyətə cəlb edilməlidir.
Blinkenin bəyanatında deyilir:
“ABŞ 32 ildən artıqdır ki, Gürcüstanın və gürcü xalqının tərəfdaşıdır. Bizim tərəfdaşlığımız azadlıq və demokratiyaya olan ümumi sevgimizə və Gürcüstanı Avro-Atlantik ailədə görmək istəyimizə əsaslanır. Biz Gürcüstanın iqtisadiyyatını inkişaf etdirmək, təhsil sistemini təkmilləşdirmək, müdafiə qabiliyyətini gücləndirmək, səhiyyə və kənd təsərrüfatı sektorlarını genişləndirmək üçün ardıcıl Gürcüstan hökumətləri və gürcü xalqı ilə əl-ələ verib işləmişik. Birləşmiş Ştatlar Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və bizim cəsur Gürcüstan xalqına və onların Avro-Atlantik istəklərinə sadiqliyimiz sarsılmazdır.
Birləşmiş Ştatlar "Gürcü arzusu" partiyasının Gürcüstan vətəndaşlarına, nümayişçilərə, media mənsublarına və müxalifət xadimlərinə qarşı qəddar və əsassız zorakılığını kəskin şəkildə pisləyir. Biz “Gürcü arzusu”nu tənqidçiləri susdurmaq məqsədilə öz repressiv taktikasına, o cümlədən əsassız həbs və fiziki zorakılığa son qoymağa çağırırıq. Biz xüsusilə hüquq-mühafizə orqanlarının əli ilə insanların ciddi xəsarət alması barədə məlumatlardan narahatıq. Dinc toplaşmaq və ifadə azadlığı hüquqlarından istifadə etdiklərinə görə həbs edilənlər dərhal azad edilməli, qanunsuz güc tətbiqində təqsirli olan məmurlar tam məsuliyyətə cəlb edilməlidir.
Birləşmiş Ştatlar gürcü xalqı və onun demokratik istəkləri ilə həmrəydir”.