• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Aİ-nin verdiyi qərar gərginliyə xidmət edir - Politoloq

SİYASƏT

24 Yanvar 2023 | 11:36

Aİ-nin verdiyi qərar gərginliyə xidmət edir - Politoloq

“Ermənistanın sülh müqaviləsini imzalamağı uzatma cəhdləri, Aİ-nın bu cür destruktiv fəaliyyəti, Fransanın antisülh, anti-Azərbaycan qərarları sülh sazişinin imzalanmasını poza bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu siyasi şərhçi Mübariz Göyüşlü Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının ümumi təhlükəsizlik adı altında Ermənistana 2 illik müddət ərzində bir neçə yüz nəfərlik nümayəndə heyəti göndərməsi bölgədə təhlükəsizlik və sülhə deyil, əksinə bölgədəki durumu gərginləşdirməyə xidmət edən qərardır: “Çünki Avropa İttifaqı Azərbaycan, Ermənistan rəhbərləri və Aİ-nın prezidentinin iştirakı ilə əldə olunan qərarı pozmağa doğru addım atır. Bu qərarda 2 aylıq müddət ərzində kiçik bir monitorinq qrupunun Azərbaycanla Ermənistan arasındakı şərti sərhəd ərazinin Ermənistana düşən hissəsində yerləşdirilməsi razılaşdırılmışdı. Bu missiyanın müddətinin uzadılması ilə bağlı hər hansı bir anlaşma yox idi. İndi Aİ-nın Azərbaycanın iştirakı olmadan belə bir qərar qəbul etməsi ortada olan ümumi razılaşmaların pozulması və gərginliyə xidmət edən bir addımdır. Çünki biz bir neçə gün bundan əvvəl Avropa İttifaqının Azərbaycana qarşı qərəzli qərar qəbul etməsinin şahidi olduq”.

M.Göyüşlü qeyd edib ki, artıq Avropa və onun aparıcı ölkələrindən olan Fransa tərəfsizlik statusunu pozurlar: “Onlar bununla açıq-aşkar Ermənistan tərəfdən çıxış etdiklərini göstərirlər. Aydın şəkildə bölgədə sülhün, təhlükəsizliyin əleyhinə qərarlar verir, anti-Azərbaycan mövqedən çıxışlar edirlər. Bu da onu göstərir ki, bu qərar müsbət deyil. Ümumiyyətlə, Rusiya da bəyan etmişdi ki, əgər bölgədə hər hansı bir sülhməramlı missiyası, monitorinq qrupu və s. bu kimi heyətin göndərilməsi ilə bağlı Ermənistan tərəfinin təklifləri varsa, təktərəfli qəbul oluna bilməz, Azərbaycanla razılaşdırılmalıdır. Bu qrup Ermənistan ərazisində yerləşdiriləcək. Azərbaycan bununla bağlı prinsipial mövqe ortaya qoyub, bu missiya Azərbaycan tərəfdə hər hansı monitorinq apara bilməz”.

Müsahibimiz onu da deyib ki, istənilən halda, Aİ, Fransa və Ermənistanın bölgədəki güc və qüvvələr balansını bu şəkildə dəyişdirmək cəhdləri, 44 günlük müharibədən nəticə çıxarmayaraq yenidən hərbi ritorikaya meyillənməsi onu göstərir ki, müharibədən dərs çıxarmayıblar: “Lakin hesab edirəm ki, bu cəhdlər Azərbaycanın hər hansı mövqeyinə, qərarına təsir etməyəcək. Azərbaycan yenə də öz sülhpərvər mövqeyini bəyan edib. 5 baza prinsipi əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirir. Ermənistanın sülh müqaviləsini imzalamağı uzatma cəhdləri, Aİ-nın bu cür destruktiv fəaliyyəti, Fransanın antisülh, antiazərbaycan qərarları bu məsələləri poza biləyəcək . Gec-tez Ermənistan sülh müqaviləsini imzalayacaq. Qarabağdakı ermənilər Azərbaycan qanunları altında yaşamalıdır və yaşayacaq! Qərbi Azərbaycandan olan soydaşlarımız öz doğma yurdlarına qayıtmalıdır və qayıdacaq!”

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurası bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.

Məlumata görə, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

“Ermənistanın istəyinə cavab olaraq, EUMA müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək, bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək”.

Missiyanın müddəti iki il olacaq. Qeyd edilib ki, EUMA-nın ilkin mandatı iki il olacaq və onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti (CPCC) departamentinin idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən Missiya Rəhbəri təyin ediləcək.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir: “Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq olaraq qalır”.

Qeyd edək ki, bir müddət öncə Aİ Ermənistan-Azərbaycan sərhədinə iki aylıq missiya yollamışdı.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Dekabr 2024