• Bakı 18° C

    12.87 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Yazın əvvəlində, Ağcabədi çölündə... "Alaq otu"ndan "sərvət"ə çevrilən lalələr REPORTAJ

REPORTAJ

20 Aprel 2024 | 13:40

Yazın əvvəlində, Ağcabədi çölündə... Alaq otundan sərvətə çevrilən lalələr - REPORTAJ

Bakıvaxtı.az Ağgöl Milli Parkına təşkil olunan mediaturdan reportajı təqdim edir. 

Laləliyi görməyə səbirsizlənənlər

Ağgöl Milli Parkına təşkil olunan mediatur zamanı ünvana çatana qədər yolboyu həmkarlarla birlikdə ərazidə yerləşən laləliyi görməyə səbirsizliklənirdik. Hər dəfə də bir yerdə cəmlənən lalələri gördükdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya üz tutub "Buradır?" - ,deyə soruşurduq. O isə hər dəfəsində təmkinlə "Hələ qalıb" - cavabını verirdi. Bu sualla özümüzü yora-yora,vnəhayət, yolun yarısını qət edib İmişli rayonuna çatdıq...


İmişlidə səhər yeməyi
İmişlidə günəş torpağı o ki var isitmişdi. Bu qızğın torpaqla daha çox təmasda olmamaq üçün səhər yeməyi təşkil olunan masaya üz tutduq. Masa arxasında həmkarlar süfrəyə düzülən nemətlərdən danışır, buradakı balın,  yağın, pendirin, yumurtanın dadını paytaxtdakı ilə müqayisə edirdilər. Yekun nəticəsi isə belə oldu: Bunlar paytaxtdakılardan daha təbiidir.

Ağcabədiyə xoş gəldiniz

Yolboyu söhbətlər, müzakirələr və s. bu minvalla, nəhayət, Ağcabədiyə çatdıq. Qarşıda bizi Ağgöl Milli Parkı gözləyirdi. Bizim gözlərimizsə lalələri...

Ağgöl Milli Parkı

Burada bizi Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva qarşıladı. O, əvvəla bizi Ağgöl Milli Parkı barədə məlumatlandırdı:

"Hər il Azərbaycan üzərindən 20 milyondan çox su-bataqlıq quşu miqrasiya edir. Ölkəmizdə isə su-bataqlıq quşlarının toplaşma məntəqələrinin ən əsas yerlərindən biri Ağgöl Milli Parkıdır. Parkın ərazisi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq ərazilərinin qorunması və davamlı istifadəsi məqsədilə təsis edilmiş Ramsar Konvensiyasına daxil olunub. Bu göstərici ötən illə müqayisədə 2 dəfə çoxdur. Park quşların toplaşdığı boyük məntəqələrdən biri olduğundan, köç dövrlərində, həmçinin ilin digər zamanlarında da bu ərazidə quşların həm istirahət və dayanma yerləri, həm də yuvalaması üçün münbit şərait mövcuddur”.


Arzu xanım daha sonra bizə laləliyə daxil olarkən ehtiyatlı olmaqla bağlı təlimatlandırdı:

"Həmin ərazidə yerdə oyuqlar görsəniz dərhal uzaqlaşın. Onlar ilan yuvası ola bilər. Bacardıqca ərazidən uzaqlaşmayın".

Qırmızı xalıya bürünən laləli çöllər

Axır ki, səbirsizliklə gözlədiyimiz an gəlib çatdı. Budur təxminən qırmızı xalıya bürünən laləli çöllər. Doğrudur ki, insanların dəyər amili məkana və zamana görə dəyişir. Məsələn, indiki məqamda buranın sakinləri üçün lalə sadəcə "alaq otu" bizim üçün isə "sərvət" idi...

Sonunu düşünən qəhrəman olmaz
Beləliklə, laləli çöldə həmkarlar arasında yarış başladı. Telefonlar, kameralar sıraya düzüldü:  "Kimin çəkdiyi foto daha gözəl olacaq?".

Arzu xanımın söylədiyi kimi də oldu. Yerdə lalələrin arasında çoxlu sayda dəliklər gördük. Bir-birindən aralı şəkildə yerləşən bu dəliklər ilk baxışda ilan yuvasını xatırlatsa da, əminliklə belə demək olmazdı. Həmin dəliklərdən ətrafa qarışqa və ağcaqanadlar da çıxırdı.


Bəzi həmkarlar sözügedən dəlikləri görən kimi geri qayıtsa da, bəziləri heç nə olmamış kimi yolunu davam edib, daha çox lalə görmək üçün daha irəli gedirdi.

Turistlərə çağırış

İradə İbrahimova bu məqamda fürsətdən istifadə edib media nümayəndələri vasitəsilə Ağgöl Milli Parkına gəlmək istəyən turistlərə çağırış etdi:


"Burada lalələr hər il aprelin əvvəlindən başlayaraq çiçəkləyir və proses hava şəraitindən asılı olaraq aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir. Təxminən 100 hektarlıq ərazidə qırmızı xalıya bürünən laləli çöllər milli parkın Qaraqobu və Böyük Ağgöl turizm marşrutlarının üzərində yerləşir. Bu mənzərəni görmək üçün turistlərə vaxt itirmədən elə bu həftəsonu yollarını Ağgöl Milli Parkından salmağı tövsiyə edirik. Hər kəsi füsunkar peyzajdan zövq almağa səsləyirik”

"Eqologiya budur!"

Bizə nə qədər çətin olsa da, vaxt, vədə yetişdiyi üçün bu laləli düzdən ayrılmalı olduq. Ağgöl Milli Parkı ərazisində bizim üçün təşkil olunan çay süfrəsinə buyurduq. Ofisiantlardan biri yaxınlaşıb haradan gəldiyimizi xəbər aldı:

- Biz jurnalistik. Bakıdan gəlmişik.

- Mən də Bakıdan gəlmişəm.

- Gəzmək üçün?

- Yox, işləmək üçün?

- Biz görmüşük camaat işləmək üçün Bakıya gedir...

- Sırf buradakı havaya görə gəlmişəm. Bu havanı, təbiəti oradakına dəyişə bilmirəm...

Çiçəklər doğulur bu yaz gecəsi

Beləcə, laləli bir günü başa vurub Bakıya üz tutduq. Həmkarlarla Bakının səs-küyündən, toz-dumanından kənar xoş bir gün keçirdik. Qarşıda isə bizi uzun bir yol gözləyirdi...

Çiçəklər doğulur bu yaz gecəsi
Parisdə,
Təbrizdə,
həyətimizdə.
Bu yaz gecəsində çiçəkləyəcək
bəlkə dərdimiz də, həsrətimiz də.

Çıxacaq yollara çiçəkli qızlar,
Nə baxmağa güc var, nə göz yummağa.
Nə çiçək verməyə bir kimsəmiz var,
Nə bir kimsəmiz var çiçək ummağa...(Ramiz Rövşən)

Günəş Mərd 

Bakı-Ağcabədi-Bakı


SON XƏBƏRLƏR

02 May 2024