• Bakı 24° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Albertin adına uzanan dil, Azərbaycanın birliyinə uzanan əldir

SİYASƏT

24 Iyun 2026 | 14:45

Albertin adına uzanan dil, Azərbaycanın birliyinə uzanan əldir

Son günlər Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adı ətrafında qəsdən yaradılan süni müzakirələr bir daha göstərir ki, bəzi dairələr üçün bu ölkənin qəhrəmanları, şəhidləri, milli dəyərləri müqəddəs anlayış deyil. Onlar üçün əsas məqsəd cəmiyyətin sinir uclarına toxunmaq, həssas mövzular üzərindən qarşıdurma yaratmaq, Azərbaycan daxilində milli birliyə xələl gətirməyə çalışmaqdır.

Hədəf isə təsadüfən seçilməyib. Çünki Albert Aqarunov adı təkcə bir insanın adı yox, azərbaycançılığın, vətəndaş həmrəyliyinin, Vətən sevgisinin və bu torpaq uğrunda gözünü qırpmadan ölümə gedən fədakarlığın rəmzidir.

Bu gün Albert Aqarunovun qəhrəmanlığını sual altına almağa çalışanlar anlamalıdırlar ki, onlar bir nəfəri deyil, bütövlükdə Azərbaycanın milli yaddaşını hədəfə alırlar. Onlar bir tankçının döyüş yolunu deyil, bu ölkədə formalaşmış və qanla, şəhidliklə möhkəmlənmiş milli birliyi vurmağa çalışırlar. Çünki Albert Aqarunovun adı Azərbaycanda çox mühüm bir həqiqəti simvolizə edir: bu Vətən yalnız bir etnik qrupun, yalnız bir dini kimliyin, yalnız bir zümrənin yox, bu torpağa bağlı olan hər kəsin Vətənidir.

Albert Aqarunov bu ölkənin oğlu idi. O, bu torpaqda doğulmuşdu, bu torpağın havasını udmuşdu, suyunu içmişdi, çörəyini kəsmişdi. Qarabağ müharibəsi başlayanda da kənarda dayanmadı, “bu mənim savaşım deyil” demədi, “mən başqa dinə mənsubam” deyib geri çəkilmədi. Əksinə, silaha sarıldı, tankın içinə girdi və Azərbaycanın ərazi bütövlüyü uğrunda ölümün gözünün içinə baxdı. Bu, sadəcə hərbi xidmət deyildi. Bu, Vətənə sədaqətin, dövlətə bağlılığın, torpağa sevginin canlı təcəssümü idi.

Bu gün sosial şəbəkələrdə oturub Albert Aqarunovun niyyətini, motivini, döyüş yolunu “araşdırmağa” çalışanlar bir mühüm məqamı unudurlar: Albert öz mövqeyini hələ sağlığında özü açıqlayıb. O, döyüş bölgəsində, atəş səsləri altında, ölüm təhlükəsinin içində açıq şəkildə deyirdi ki, bu torpaqda doğulduğu üçün onu qorumağı öz vətəndaşlıq borcu sayır. Bundan sonra hansısa saxta hesabların, qərəzli çevrələrin, ideoloji sifarişlə danışanların söylədiklərinin nə dəyəri var? Cəbhədə vuruşan adamın öz sözü var, yoxsa klaviatura arxasında nifrət püskürənlərin uydurmaları?

Albert Aqarunovun adı ətrafında yaradılan qərəzli kampaniya əslində daha böyük niyyətin tərkib hissəsidir. Məqsəd Azərbaycanda yüzillərlə formalaşmış tolerantlıq mühitini zədələmək, müxtəlif etnik və dini mənsubiyyətə sahib vətəndaşlar arasında şübhə toxumu səpmək, “kim daha çox bu Vətənindir?” kimi təhlükəli və iyrənc bir sualı gündəmə gətirməkdir. Halbuki Azərbaycanın gücü məhz bundadır: bu ölkədə Azərbaycan uğrunda can verən insanın kimliyinə soyadı ilə, dini ilə, etnik mənsubiyyəti ilə yox, Vətən qarşısında göstərdiyi fədakarlıqla qiymət verilir.

Bu torpaq uğrunda təkcə Albert Aqarunov döyüşməyib. Azərbaycanda yaşayan talış da, ləzgi də, avar da, rus da, yəhudi də, saxur da, udin də, digər xalqların nümayəndələri də bu Vətən uğrunda silaha sarılıb. Birinci Qarabağ müharibəsində də belə olub, 44 günlük Vətən müharibəsində də. Azərbaycanın səngərində kimin hansı millətə mənsub olmasını soruşmurdular. Orada bir sual var idi: “Vətəni qorumağa hazırsanmı?” Bu suala “bəli” deyən hər kəs Azərbaycanın qəhrəmanlıq salnaməsinin parçasına çevrilib.

Albert Aqarunovun böyüklüyü də məhz bundadır. O, bu ölkədə yaşayan bütün xalqlara bir mesaj verdi: Azərbaycan uğrunda döyüşmək üçün tək şərt bu torpağı öz Vətənin bilməkdir. O, sübut etdi ki, vətənpərvərlik qan qrupu ilə ölçülmür, dinlə ölçülmür, soy-köklə ölçülmür. Vətənpərvərlik lazım gələndə canını ortaya qoymaqla ölçülür. O bunu etdi. Şuşa uğrunda döyüşdü, erməni işğalçılarına qarşı vuruşdu, tank komandiri kimi adını döyüş meydanında yazdı və sonda şəhid oldu. Məhz buna görə Albert Aqarunov haqqında danışarkən ehtiyatlı olmaq yox, baş əymək lazımdır.

Bu gün onun adına kölgə salmağa çalışanlar əslində özlərini ifşa edirlər. Çünki Albert Aqarunovun adı ilə problemi olan adamın Azərbaycanın milli birliyi ilə problemi var. Azərbaycanın çoxmillətli harmoniyası ilə problemi var. Azərbaycançılıq ideyası ilə problemi var. Bu ölkədə yəhudinin, talışın, ləzginin, avarın, rusun, udinin, hər kəsin eyni bayraq altında birləşməsini həzm edə bilməyənlər Albertin adını hədəfə seçməklə özlərini ələ verirlər. Onlar Azərbaycanın tarixini dəyişə bilməyəcəklər, amma niyyətlərini açıq şəkildə nümayiş etdirirlər.

Bir həqiqəti də unutmamaq lazımdır: Milli Qəhrəman adı kiməsə sosial şəbəkə müzakirəsi ilə verilməyib. Bu ad döyüş meydanında qazanılıb. Bu ad qorxaqların deyil, ölümün üzünə dik baxanların haqqıdır. Albert Aqarunov həmin haqqı öz qanı ilə qazanıb. Onun qəhrəmanlığı kağız üzərində yazılmış bir tərcümeyi-hal deyil, səngərdə, tankın içində, Şuşa yolunda yazılmış tarixdir. O tarixə ləkə atmaq istəyənlər əvvəlcə bu xalqın yaddaşını silməlidirlər. Bu isə mümkün deyil.

Azərbaycan xalqı öz qəhrəmanını tanıyır. Bu xalq kimin Vətən üçün canından keçdiyini, kimin isə kənardan fitnə toxumu səpməyə çalışdığını çox yaxşı bilir. Albert Aqarunovun adı Bakının mərkəzində abidə ilə, xalqın qəlbində isə ehtiramla yaşayır. Onun adı Azərbaycanın mübarizə tarixində yalnız bir yəhudi əsilli tankçı kimi yox, Azərbaycan uğrunda şəhid olmuş böyük bir vətənpərvər kimi çəkilir. Bu statusu nə saxta təbliğat dəyişə bilər, nə də sifarişli kampaniyalar.

Albert Aqarunovun adına toxunmaq istəyənlər bilməlidirlər: siz bir şəhidin xatirəsinə yox, bu millətin sinəsinə toxunursunuz. Siz bir qəhrəmanın adına yox, Azərbaycan xalqının birgə yaddaşına dil uzadırsınız. Amma bu xalq öz qəhrəmanını heç kimə yedirtməz. Çünki Albert Aqarunov Azərbaycanın oğlu idi. Azərbaycanın oğlu kimi döyüşdü, Azərbaycanın oğlu kimi şəhid oldu və Azərbaycanın oğlu kimi də tarixə həkk olundu.

Bu ölkənin qəhrəmanları haqqında danışanda hər kəs ölçü-biçi bilməlidir. Çünki şəhidlərin və Milli Qəhrəmanların adı siyasi oyunların, ideoloji təxribatların, xarici təsir mərkəzlərinin əlində alət ola bilməz. Kim Albert Aqarunovun adını hədəfə alırsa, bilməlidir ki, onun qarşısında təkcə bir ailə, bir çevrə, bir qrup yox, bütöv Azərbaycan dayanır. O Azərbaycan ki, öz qəhrəmanlarına sahib çıxmağı da bacarır, onların adına uzanan dillərin cavabını verməyi də.

Albert Aqarunovun xatirəsi qarşısında borcumuz onu müzakirə predmeti etmək yox, onu örnək kimi yaşatmaqdır. Gənclərə göstərmək lazımdır ki, Vətən sevgisi məhz belə olur. Dövlətə sədaqət məhz belə olur. Bayrağa bağlılıq məhz belə olur. Azərbaycan uğrunda ölümə getməkdən çəkinməyən bir insanın adı isə yalnız hörmətlə çəkilir. Hər kəs bunu belə bilməlidir.

Əli Hüseynov,
Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026