Almaniya kansleri Olaf Şolts Ukraynanın qısa zamanda Avropa Birliyinə üzv olmasının mümkün olmadığını bildirərək qapılarını Kiyevə bağlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Şoltsun açıqlamalarına reaksiya verən Ukrayna tərəfi Avropanın onları ikinci plana atdığını iddia edib. Bir çoxları kansler Şoltsu zəif və həddindən artıq ehtiyatlı kimi xarakterizə edib. Almaniya Ukraynadakı müharibəyə kifayət qədər sərt reaksiya vermədiyi və Kiyevə ağır silahların çatdırılmasını gecikdirdiyi üçün tənqid edilir.
Əksər Avropa liderlərindən fərqli olaraq, hələ də Kiyevə getməyən Şolts təkcə Avropada deyil, öz ölkəsində də sərt reaksiyalarla üzləşir.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında bildirib ki, bəzi Avropa İttifaqı ölkələri tərəfindən son illərdə Ukraynanın Avropa perspektivinə tətbiq edilən strateji qeyri-müəyyənlik uğursuzluğa düçar oldu: “Buna indi son qoyulmalıdır".
Ukrayna ilə rəftarın xalqını incitdiyini qeyd edən Kuleba bunun Rusiya prezidenti Vladimir Putini daha çox ruhlandırdığını vurğulayıb.
Nuranə Daxilqızı
















