Altıncı yazı
Kənd həyatından bəhs edən yazılar -1950-ci illərin əhatəsi
1950-ci illərdə də Arcud kəndi Ermənistanın mərkəzi mətbu orqanı olan “Sovet Ermənistanı” qəzetinin səhifələrində geniş şəkildə işıqlandırılıb. Yazılardan görünür ki, Kommunist – bolşevik partiyasının ideoloji fəaliyyəti XX əsrin 50-ci illərində də güclü olub. Kəndin təsərrüfat, komsomol və partiya həyatı zəngin olub. Yazılar maarifləndirmə proseslərinin işıqlandırılmasını da özündə ifadə edib. Kəndin seçkilərdə (yerli və mərkəzi-respublika siyasi sistemində) aktiv iştirakı da mətbuatın diqqət mərkəzində qərar tutub. Yazılar yenə də proseslərə müsbət qiymət verməkdən və tənqidi məzmunlardan, nöqsanları aşkara çıxarmaqdan ibarət olub. İnfrastrukturun təşkili məsələləri, bu baxımdan quruculuq prosesləri mətbuatın diqqətini çəkib.
“Sovet Ermənistanı” qəzetinin, 26 mart 1950-ci il trixli, N62 (4939) saylı, “Bizə yazırlar. Rabitə müdiri pis işləyir” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun Jdanov rayon rabitə məntəqəsi müdiri Ardaş qəbul edilən pulları vaxtında sahiblərinə çatdırmır. Qəzetləri günlərlə saxlayıb sonra oxuculara göndərir. Arcud kənd müəllimlər kollektivi 8 nüsxə “Kommunist” (azərbaycanca) 5 nüsxə “Sovet Ermənistanı”na və sair qəzetlərə abunə yazılmışdır. Ancaq onlar indiyə kimi bir nüsxə də olsun qəzet almamışlar. Rayon ictimai təminat şöbəsi tərəfindən göndərilən təqaüd pulları 1950-ci il yanvar ayının 7-dən 25-dək saxlanılaraq bir neçə şikayətdən sonra sahiblərinə çatdırılmışdır. Yarım rayonda radio və telefonların müntəzəm işləməsi üçün lazımi tədbirlər görülür...”
Qəzet 25 dekabr 1950-ci il tarixli, N254 (5131) sayında “Ermənistan SSR Ali Sovetinə seçkilər üçün seçki dairələrinin təşkil edilməsi haqqında Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı”nını dərc etmişdi. 205-ci maddədə Kirovakan şəhəri üzrə Makaraşen seçki dairəsinə aid olan (Mərkəzi Makaraşen kəndidir) sovetlikləri qeyd edirdi: Makaraşen, Hallavar, Bzovdal, Arçut, Gözəldərə.
Qəzet 6 fevral 1951-ci ildə Ə.Mirzəyevin imzası ilə, “Kommunistlərlə bitərəflərin Stalin ittifaqının namizədləri. Sınanmış kolxoz sədri”, başlıqlı məqalədə yazırdı: “Oruc respublikamızın qabaqcıl kolxoz sədrlərindən biridir. O, Kirovakan rayonunun Arcut kəndindəki 26 komissar adına kolxoza başçılıq edir. Oruc öz zəngin iş təcrübəsi, kənd təsərrüfatını, kolxoz quruluşunu yaxşı bilməsi və ictimai təsərrüfata bacarıqla başçılıq etməsi sayəsində rayon zəhmətkeşlərinin böyük etimadını qazanmışdır. 16 il əvvəl kolxozun ümumi yığıncaqlarından birində təsərrüfat cəbhəsində qabaqcılların yaxşı işi haqqında qızğın söhbət gedirdi. Məruzəçi kollektiv təsərrüfatda fədakarlıq göstərən kolxozçu Orucun əməyi haqqında danışır və onu misal çəkirdi. Həmin gün yığıncaq Orucu kolxozun tarlaçılıq üzrə briqadiri təyin etməyi idarə heyətinə məsləhət gördü. Bu gündən etibarən Orucun həyatında yeni bir dövr başladı. O, kolxozçuların etimadını əməli işdə doğrultmalı idi. Oruc elə də etdi. 1936-cı təsərrüfat ilində onun rəhbərlik etdiyi briqadanın məhsuldarlığı yüksəltmək işində əldə etdiyi parlaq müvəffəqiyyətlər haqqında respublikada danışmağa başladılar. Təqribən bir il sonra kolxozçuların yığıncağı Orucu kolxoz idarə heyətinin sədri vəzifəsinə seçdi. O həmin yığıncaqda belə dedi:-Yoldaşlar, əmin ola bilərsiniz ki, çiçəklənən vətənimizin daha da tərəqqisi naminə, kolxoz tarlalarının məhsuldarlığını yüksəltmək və ictimai heyvandarlığı inkişaf etdirmək uğrunda aparılan mübarizədə mən sizə, kolxozçularımıza kömək etmək və göstərilən bu böyük etimadı doğrultmaq üçün heç bir qüvvə əsirgəməyəcəyəm. Oruc öz vədini həyata keçirmək üçün ciddi işə başladı. O, kolxozun təsərrüfat-təşkilatca möhkəmlənməsi, ictimai varidatın artması, kolxozçuların mədəni, firavan həyatının təmin edilməsi uğrunda kolxozçuları fədakar əməyə ruhlandırdı. 200 təsərrüfatdan ibarət olan kolxoz sürətlə inkişaf etdi. Doğma Arcut kəndi isə şəhərciyə çevrildi. Burada böyük əkinçilik təsərrüfatı yaradıldı. Kolxozun taxıl, kartof, qarğıdalı, bostan –tərəvəz bitkilərinin əkin sahələri ildən-ilə genişləndirildi, məhsuldarlıq ciddi surətdə yüksəldildi. 15 il bundan öncə Arcut kəndində nübar üçün bar verən ağac yox idi. Orucun təşəbbüsü ilə 30 hektar sahədə alma, armud, gavalı bağları salındı. İndi bu bağlardan bol məhsul götürülür. Keçən il meyvə bağlarından planda nəzərdə tutulandan 5 dəfə artıq məhsul götürülmüşdür. Koxoz sədri Oruc İsayevin təşəbbüsü ilə kolxozda zootexniki qanunlara əsasən 4 tövlə, 3 kom, 2 toyuq hini, 3 taxıl anbarı, 1 emalatxana və bir arıxana tikilmişdir. İndi Arcut kəndində memarlığın son nailiyyətlərinə əsasən tikilmiş gözəl kolxoz klubu, kolxoz idarə heyəti, kənd soveti üçün yaraışıqlı binalar vardır. Oruc kolxozçuların gündən-günə artan mədəni tələbini nəzərə alaraq kəndə elektrik işığı və su kəməri çəkilməsi ilə məşğul oldu. O, Yerevandan mühəndis dəvət edərək kənddən 20 kilometr uzaqda dağ döşündən istifadəsiz axan gözəl bulaq sularını kəndə gətirdi. İndi kəndin hər küçəsində su kranı vardır. İctimai binaları və kolxozçuların yaraşıqlı evlərini İliç lampaları nura qərq etmişdir, kolxoz kəndində radioqəbuledici cihazlar uca səslənir. Orucun sədr olduğu 15 il müddətində Arcut kənd kolxozu ictimai heyvandarlığı inkişaf etdirmək sahəsində böyük nailiyyətlər əldə etmişdir. İndi kolxozda 6 böyük heyvandarlıq ferması vardır. Kolxoz heyvandarlıq üzrə dövlət planlarını artıqlaması ilə yerinə yetirmişdir. Hər il olduğu kimi bu il dəxi heyvanları qışda salamat və gümrah saxlamaq məqsədilə möhkəm yem mənbəyi yaradılmışdır. Ermənistan SSR Ali Sovetinin deputatı Oruc İsayev öz işini bilən və sevən, kolxozçuları fədakar əməyə ruhlandıran, onların firavan həyatının daha da çiçəklənməsinə edən kolxoz kəndinin adlı-sanlı başçılarından biridir. Buna görə də Kirovakan rayonunun Arcut, Gözəldərə, Buzovdal, Makaraşen, Hallavar kənd kolxozçuları 205 nömrəli Makaraşen seçki dairəsində onu yenidən Ermənistan SSR Ali Sovetinə deputatlığa yekdilliklə namizəd göstərmişlər. Heç şübhə yoxdur ki, sınanmış və istedadlı kolxoz sədri Oruc Cəbrayıl oğlu İsayev indiyədək olduğu kimi bundan belə də öz seçicilərinin etimadını şərəflə doğruldacaqdır”.
“Sovet Ermənistanı” qəzeti özünün 11 aprel 1951-ci il tarixli, N72 (5206) sayında, H.Əliyevin imzası ilə “Kolxozçuların cəhdi ilə”, başlıqlı məqalədə yazırdı: “Kirovakan rayonun Arcut kəndindəki “26 Komissar” kolxozunun vətənpərvər üzvləri cari ildə yeni müvəffəqiyyətlər əldə etmək üçün briqada və manqalar arasında sosializm yarışı müqavilələri bağlamış, lazım olan hazırlıq işlərini vaxtında gördükdən sonra yaz əkininə başlamışlar. Burada planla nəzərdə tutulmuş 129 hektar yaz əkinindən artıq 105 hektarına toxum səpilmişdir. Məcgəlçilərdən M.Məmişov, H. Məşədiyev, H.Yusifov və bir çox başqaları bir-birilərilə sosializm yarışına qoşularaq gündəlik tapşırıqları artıqlamasıilə yerinə yetirir və keyfiyyətli iş görürlər. Kolxozda gübrənin daşınması işləri sürətlə irəli aparılır. Ə.Həsənov yoldaşın başçılıq etdiyi 2 nömrəli tarlaçılıq briqadası əkin yerlərinə 2.800 araba yerli gübrə və 90 ton mədən gübrəsi daşımışdır. Briqadanın üzvlərindən H.Məmişov gündəlik tapşırıqları 200 faiz ödəyirlər. Kolxozda indiyə kimi əkin yerlərinə 5.800 araba yerli gübrə və 120 ton mədən gübrəsi daşımışdır. Gözəldərə kəndindəki Nərimanov kolxozunun üzvləri yaz əkininə mütəşəkkil hazırlıqla başladılar. Kolxozçular əkini qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırmağa cəhd edirlər. Onlar payız əkinlərinin becərilməsi sahəsində də ciddi iş görürlər. Kolxozçular əkinlərini aqrotexniki qaydalar əsasında yerli gübrə və mədən gübrəsi ilə gübrələyir və dırmıqlayırlar. Z. Sadıqov və A.Osmanov yoldaşların başçılıq etdikləri briqadalar yaz əkini işlərində mütəşəkkillik göstərirlər. Hər iki kolxozun fədakar üzvləri yaz tarla işlərini sürətlə. Irəli aparır və gündəlik əkin planını artıqlaması ilə ödəyirlər”.
Qəzet özünün 1 noyabr 1951-ci il tarixli, N217 (5351) sayında Ermənistan SSR Xalq məhkəmələri seçgisi üçün seçgi dairələrinin təşkil edilməsi haqqında Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanının mətnini vermişdir. Fərmana əsasən, Kirovakan rayonu üzrə iki nömrəli seçki dairəsini əhatə edən sovetlikləri göstərirdi. Bura bir çox yaşayış məskənləri ilə yanaşı, Jdanov, Darbas, Makaraşen, Hallavar, Bzovdal, Gözəldərə və Arcut kənd sovetliklərinin ərazisi daxil edilirdi.
Qəzet özünün 13 noyabr 1951-ci il tarixli, N224 (5358) sayında, xüsusi müxbir Ə.Mirzəyevin imzası ilə “Çuğundurçular vədlərinə əməl edirlər” başlıqlı məqalə dərc etmişdi. Məqalədə yazılırdı: “Kirovakan rayonunun qabaqcıl çuğundurçuları əkin və becərmə işlərini nümunəvi təşkil edərək tarlalarda yüksək çuğundur məhsulu yetişdirmişlər. Onlar məhsul yığımına hərtərəfli hazırlıqla başlamış və onu müvəffəqiyyətlə davam etdirirlər. Rayon kolxozçularında indiyədək çuğundur əkinlərinin təxminən 75 faizinin məhsulu yığılmış, yığılan sahələrin hər hektarından isə planla nəzərdə tutulandan əlavə olaraq 60 sentner şəkər çuğunduru götürülmüşdür. Arcut kənd kolxozunda Ənvər Mehdiyevin başçılıq etdiyi briqadanın vətənpərvər üzvləri yetişdirdikləri bol məhsulun yığımını daha yaxşı təşkil etmişlər. Onlar bütün imkan və qüvvələri səfərbərliyə alaraq çuğundur yığımını ümumxalq bayramı-noyabrın 7-dək başa çatdırmış və hər hektardan 300 sentner məhsul götürmüşlər...”
“Sovet Ermənistanı” qəzeti 9 dekabr 1951-ci il tarixli, N243 (5377) sayında, xüsusi müxbir Ə.Mirzəyevin imzası ilə dərc olunan, “Gənc kommunistlərin tərbiyəsinə xüsusi diqqət” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayon partiya fəallarının yığıncağı Ermənistan K(b)P MKIII plenumunun yekunları haqqında Kirovakan rayon partiya komitəsinin katibi K. Stepanyan yoldaşın məruzəsini dinləyərək məruzə etmişdir. Fəalların yığıncağı göstərdi ki, cari ilin keçən ayları ərzində rayonun 135 ilk partiya təşkilatında partiya sıralarına ancaq 165 nəfər qəbul olunmuşdur. 48 ilk partiya təşkilatında partiya sıralarına bir nəfər də olsun qəbul edilməmişdir....Çörək zavodu, şəhər tikinti idarəsi, Arcut kənd kolxoz və digər bir sıra ilk partiya təşkilatlarında 8-10 ildən bəri namizədlik vaxtı keçmiş adamlar vardır... Fəalların yığıncağı qeyd etdi ki, bir sıra ilk partiya təşkilatları partiya üzvlüyünə qəbul vaxtı Nizamnamənin prinsiplərini pozur, zəmanətliyin keyfiyyətinə, qəbul olunanın əmək fəallığına nəzər yetirmirlər. Gənc kommunistlərin siyasi tərbiyəsinə dəxi fikir verilmir, onlar üçün siyasi mövzularda məruzə və mühazirələr təşkil olunmur. Fəalların yığıncağı Ermənistan K(b)P MK III plenumunun qərarlarını yekdilliklə bəyənərək onu həyata keçirmək üçün konkret tədbirlər işləyib hazırladı”.
Qəzetin 23 aprel 1952-ci il tarixli, N82 (5474) sayında, xüsusi müxbir Ə.Mirzəyevin imzası ilə, “Yaz tarla işlərini sürətləndirməli”, başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun qabaqcıl kolxozlarında yaz əkini və payızlıq taxıl bitkilərinin becərilməsi işləri sürətlə irəli aparılır. Arcut kəndindəki “26 komissar” adına kolxozda (sədri O. İsayevdir) yaz əkini daha mütəşəkkil keçirilir. Kolxozçular cari ildə tarlalardan bol məhsul götürmək uğrunda sosializm yarışına qoşularaq öhdəçiliklərinə şərəflə əməl edirlər. Bir neçə gün ərzində 60 hektar payızlıq əkin sahəsinə əlavə qida verilmiş, 100 hektarı dırmıqlanmışdır. Kolxozçular torpaqları münbitləşdirmək üçün tarlalara 1.800 araba yerli gübrə və kifayət qədər mədən gübrəsi daşımışlar. Ə.Həsənovun və Ə.Mehdiyevin başçılıq etdikləri briqadaların üzvləri bir-biriləri ilə yarışırlar. Onlar payızlıq əkinlərin yaz becərmə işlərini və yaz əkinini 8-10 iş günündə yüksək aqrotexnika qaydaları əsasında başa çatdırmaq üçün ciddi-cəhdlə çalışırlar. Məcgəlçilərdən A. Alıyev, S.Süleymanov, M.Mustafayev gündəlik tapşırıqları 150-170 faiz yerinə yetirirlər....” (Qeyd: məcgəl dialekt sözdür, -kotanın və ya cütün məcindən (dəstəyindən) tutan, mənasını verir)
Sözügedən qəzetin 3 oktyabr 1952-ci il tarixli, N197 (5589) sayında, Ə.Mirzəyevin imzası ilə, “XVI qurultayın materiallarını kütləviləşdirirlər”, başlıqlı məqaləsində yazılırdı: “Kirovakan şəhərinin zavod, fabrika, tikinti təşkilatlarının kollektivləri və Kirovakan rayonunun kolxozçu zəhmətkeşləri Ermənistan bolşevikləri XVI qurultayının materiallarını həvəslə öyrənirlər...Rayonun Hallavar, Arcud, Gözəldərə, Jdanov, Buzovdal və digər kənd kolxozlarında təşviqatçılar Arutyunov yoldaşın məruzəsini kolxozçulara oxuyub dərindən izah edirlər. Təşviqatçılar qurultayın materiallarını kütləviləşdirərkən kolxozlarda payız əkinini aqrotexniki səviyyədə başa çatdırmaq, mal-qaranın axur dövrünə mütəşəkkil surətdə hazırlaşmaq və cari kənd təsərrüfat ilini müvəffəqiyyətlə başa çatdırmaq işlərilə sıx əlaqələndirirlər...”
Qəzetin 4 fevral 1953-cü il tarixli, N25 (5677) sayında, xüsusi müxbir Ə.Mirzəyevin imzası ilə, “Kirovakan rayonunda mədəni-maarif müəssisələrinə rəhbərlik edilmir”, başlıqlı məqaladə yazılırdı: “Partiyanın XIX qurultayı kənddə mədəni-maarif müəssisələrinin iş səviyyəsini yüksəltməyi, zəhmətkeşlərə mədəni xidməti qəti surətdə yaxşılaşdırmağı yerli partiya və sovet təşkilatlarından bir vəzifə olaraq tələb etmişdir. Lakin demək lazımdır ki, Kirovakan rayonunun mədən-maarif müəssisələri partiyanın XIX qurultayının tələblərini layiqincə yerinə yetirmirlər. Rayonun Xndzorud, Meqrud, Arcud, Gözəldərə, Hallavar, Haydarlı, Debet və sair kənd klub, kitabxana və qəraətxanalarında zəhmətkeşlərə mədəni xidmət göstərmək sahəsində yarıtmaz iş aparılır. Həmin kənd klublarında ölkəmizdə aparılan nəhəng kommunizm quruculuğu işləri təbiəti dəyişdirməyə dair Stalin planı və sovet aqrobiologiya elminin nailiyyətləri haqqında zəhmətkeşlər üçün məruzə və mühazirə keçirilmir. Sosializm yarışı öhdəçiliklərinin yerinə yetirilməsinə, kənd təsərrüfatı qabaqcıllarının iş üsullarının təbliğ edilməsinə dair demək olar ki, heç bir iş aparılmır. Klublarda vaxtl-vaxtında təşviqat vərəqələri çıxarılmır...”
Qəzet özünün 8 mart 1955-ci il tarixli, N48 (6230) saylı nömrəsində, Ə.Mirzəyevin imzası ilə, “Kirovakanda xalq şənliyi”, başlıqlı məqalədə yazırdı: “Çiçəklənən respublikamızın üçüncü sənaye və mədəniyyət mərkəzi Kirovakan böyük bayram şənliyi içində idi. Evlərin üzərində dalğalanan qırmızı bayraqlar, balkonlardan asılmış incə naxışlı xalçalar, divarlara vurulmuş şüar və plakatlar şəhərə xüsusi bir gözəllik vermişdir. Hələ sübh açılmamış şəhərin küçələrində böyük canlanma var idi. Martın 6-sını böyük səbrsizliklə gözləyən kirovakanlılar dəstə-dəstə seçki məntəqələrinə axışırdılar...Arcud kəndindəki gözəl bəzədilmiş 31 nömrəli seçki məntəqəsinə də kolxozun üzvləri toplanmışlar. Onlar keçən il dövlətə kənd təsərrüfatı məhsulları təhvili planını müvəffəqiyyətlə ödəmiş, maldarlıq binaları tikib istifadəyə vermişlər. Kolxozun qabaqcıl sağıcısı Ş.Qasımova bülletenləri qutuya salaraq deyir: -Sov.İKP MK yanvar Plenumunun qərarlarını dönmədən yerinə yetirmək əzmində olan heyvandarlarımız mal-qaranın qış dövrünü nümunəvi keçirir, heyvanların döl kampaniyasında itkilərə yol verməmək üçün heç bir qüvvə əsirgəmədən çalışırlar. Mən kolxozumuzun daha da çiçəklənməsi, kolxozçularımızın firavan həyatı üçün səs verirəm. Rayonun bütün seçki məntəqələrində seçkilər böyük ruh yüksəkliyi ilə keçmişdir”.
Qəzet özünün 9 mart 1955-ci il tarixli, N49 (6231) sayında, Ə.Mirzəyevin imzası ilə, “Kolxozçuların aqrotexnika və zootexnika təhsilinə rəhbərliyi gücləndirməli”, başlıqlı məqaləsində qeyd edirdi: “Partiyamızın Mərkəzi Komitəsinin sentyabr Plenumunun qərarında qeyd edilmişdir ki, ölkədə kənd təsərrüfatı məhsulları bolluğu yaradılmasında başlıca vəzifələrdən biri əkinçilik və heyvandarlıq sahələrində qazanılmış qabaqcıl iş üsullarının, elmin nailiyyətlərinin və kənd təsərrüfatı sahəsində digər yeniliklərin kolxozlarda geniş tətbiq olunmasıdır. Bu cəhətdən kolxozlarda yaradılmış aqrotexnika və zootexnika təhsili kurslarının rolu böyükdür...Kolxozçuların aqrotexnika və zootexnika təhsilinin təşkil edilməsi sahəsində Kirovakan rayonunda bəzi işlər görülmüşdür. Rayon kolxozlarında 8 aqrotexnika və 8 zootexnika kursu təşkil edilmişdir...Rayonun Fioloteov, Darbas, Bzovdal və sair kənd kolxozlarında da təşkil olunmuş aqrotexnika kurslarının məşğələləri müntəzəm surətdə keçirilir...Lakin rayonun bəzi kənd təsərrüfatı artellərində kolxozçuların aqrotexnika və zootexnika təhsilinin təşkil edilməsində hələ də bir sıra ciddi nöqsanlar vardır. Bunu demək kifayətdir ki, rayonun 19 kolxozundan 11-də aqrotexnika və zootexnika kursları təşkil edilmişdir. Gızəldərə, Arcud, Hallavar, Haydarlı və başqa kənd kolxozlarında aqrotexnika və zootexnika kurslarının təşkil olunmasına fikir verilmir. Məhz buna görədir ki, həmin kolxozlarda əkinçilik və heyvandarlıq məhsulları üzrə dövlət planları həmişə kəsirlə yerinə yetirilir...”
Qəzet özünün 30 mart 1955-ci il tarixli, N64 (6246) sayında, Ə.Mirzəyevin imzası ilə, “Kirovakan rayonunda əhaliyə tibbi xidməti gücləndirməli” başlıqlı məqaləsində qeyd edirdi: “Kirovakan rayonunda 5 kənd xəstəxanası, 13 feldşer-mamamçalıq və 2 səhiyyə məntəqəsi, bir rayon sanitariya-epidemiya stansiyası əhalinin sağlamlığı məsələəri ilə məşğul olur...Lakin ümumiyyətlə rayonda əhaliyə tibbi xidmət işi qeyri-qənaətbəxş vəziyyətdədir. Həkim məntəqələrində və xəstəxanalarda xəstələrin müalicə edilməsinə kifayət qədər və yaxından fikir verilmir. Kənd xəstəxanalarında çalışan işçilərin sayı ştatla nəzərdə tutulandan azdır. Bunun səbəbil çox dəfə təcili müalicəyə ehtiyacı olan xəstələr rayon mərkəzinə göndərilirlər. Rayon səhiyyə şöbəsinin isə ayrıca ambulatoriya və xəstəxanası yoxdur. Kəndlərdən gələn xəstələr ancaq səhiyyə şöbəsi müdirinin yazılı xahışi ilə şəhər ambulatoriya və xəstəxanalarına götürülə bilərlər. Bu vəziyyət müalicəyə ehtiyacı olan kolxozçular üçün çox böyük çətinlik törədir. Bəzən xəstələr şəhərə gəldikdə rayon səhiyyə şöbəsinin müdirini idarədə tapa bilmir və uzun zaman gözləməli olurlar. Bir çox hallarda isə şəhərin ambulatoriya və xəstəxanalarının işçiləri kəndlərdən gələn xəstələri vaxtında qəbul etmir, onlarla kobud rəftar edirlər. Ümumiyyətlə, rayonda cərrah, burun-boğaz, göz, diş, əsəb və qadın xəstəlikləri həkimləri azdır. Şəhər səhiyyə şöbəsininn ixtiyarında olan həkimlər isə kəndlərə getmirlər. Rayon mərkəzində xəstələrə təcili yardım məntəqəsi də təşkil edilməmişdir. Keçən ilin dekabr ayında Jdanov kəndində bir xəstəxana açılmışdır. Xəstəxana qonşu Darbas, Arcud, Bzovdal, Gözəldərə kəndlərinin əhalisinə də tibbi xidmət göstərməlidir. Ancaq indiyədək xəstəxananın həkimi yoxdur...Rayonda malyariya, yatalaq, bruselloz, qızılca və sair xəstəliklərə qarşı qabaqcadan lazımi profilaktik tədbirlər görülmür...”
Qəzet özünün 4 oktyabr 1955-ci il tarixli, N(198) sayında, “Qısa xəbərlər” başlıqlı məqalə ilə çıxış edirdi. Məqalədə yazılırdı: “Kirovakan. Bu günlərdə rayonun Arcud kəndində tikilmiş klub binası istifadəyə verilmişdir. Burada 450 nədər tutan konsert salonu, qiraət otağı vardır”.
Qəzetin 5 oktyabr 1955-ci il tarixli, N199 (6381) sayında, “Kənddə kino” başlıqlı məqalədə yazılırdı: “Kirovakan. Rayonun zəhmətkeşləri hər ay onlarca kino filmə tamaşa edirlər. Cari ilin keçən ayları ərzində rayonun kəndlərində 570 dəfə kinofilm nümayiş etdirilmiş və bu filmlərə 47 min nəfər tamaşa etmişdir. Fioletov kəndinin zəhmətkeşləri hər iki gündə bir dəfə kəndin klubuna toplaşır və maraqlı filmlərə tamaşa edirlər. Onlar bir ay ərzində 80 dəfə müxtəlif kino filmə baxmışlar. Rayonun Bzovdal, Gözəldərə, Darbas, Arcut Hallavar, Həmzəçimən və Lermontov kəndlərində də kino filmlərin nümayiş etdirilməsi nümunəvi təşkil edilmişdir”
Qəzetin 18 fevral 1956-cı il tarixli, N37 (6477) sayında, “Kolxoz kəndi zəhmətkeşlərinin sözü”, başlıqlı məqalədə yazılırdı: “Kirovakan (xüsusi müxbirimizdən, telefonla), Rayonun bütün kolxozlarında Sov.İKP XX qurultayının materialları böyük ruh yüksəkliyi əmələ gətirmişdir. Çoxsaylı təşviqatçılar N.S. Xruşov yoldaşın məruzəsini və qurultayın başqa materiallarını zəhmətkeşlər arasında geniş kütləviləşdirirlər. Hər yerdə kolxozçular və mexanizatorlar doğma partiyamızın rəhbərliyi altında əldə edilən böyük müvəffəqiyyətlərə hədsiz coşğunluqla nəzər salır və kommunizm quruculuğunun əzəmətli vəzifələrini yerinə yetirməyə hazır olduqlarını bildirirlər. Rayonun Arcut kənd kolxozunun 1 nömrəli tarlaçılıq briqadasının briqadiri H.İsgəndərov yoldaş qurultayın materialını kütləviləşdirərkən demişdir: -Mən kolxozçular adından 164 hektar payızlıq taxıl əkini sahəsini nümunəvi becərib, hər hektardan planda nəzərdə tutulana nisbətən 2.5 sentner artıq məhsul götürməyə, yazda 30 hektar arpa, 25 hektar qarğıdalı, 15 hektar bostaqn-tərəvəz bitkilərini və 6 hektar kartofun əkilib becərilməsini nümunəvi keçirərək yüksək məhsul əldə etməyə söz verirəm. Bunun üçün tarlalara 150 ton yerli gübrə və 15 ton mədən gübrəsini vaxtında daşıyacağıq. Sağıcı Ş. Qasımova özünə təhkim edilmiş 10 inəyin hər birindən bir buzov götürməyi, hər inəkdən plandan əlavə 350 kiloqram süd sağmağı vəd etmişdir...”
Qəzetin 25 may 1956-cı il tarixli, N105 (6545) sayında, Ə.Mirzəyevin imzası ilə dərc olunan, “İmatahanlara yaxşı hazırlaşmışlar” başlıqlı məqalədə bu kimi fikirlər qeyd edilirdi: “Kirovakan rayonunun kütləvi məktəblərində dərs ilini yüksək göstəricilərlə başa çatdırmaq, imtahanları tam hazırlıqla qarşılamaq uğrunda ciddi iş aparılmışdır. Keçən rüblərdən fərqli olaraq dördüncü rübdə məktəblərdə daha gərgin iş görüldüyü nəzərə çarpır. Rayonun Vartana, Arcud, Gözəldərə və Hallavar kənd məktəblərində proqram üzrə materialların tədrisi başa çatdırılmış, fənlər üzrə geniş təkrarlamaya xüsusi diqqət yetirilmişdir. Yaz yoxlama imtahanlarına hazırlıqla əlaqədar sakit otaqlar ayrılmışdır. Ayrı-ayrı fənlər üzrə məsləhətçi müəllimlər cədvəldə göstərilən vaxt əsasında şagirdlərlə məşğul olur, onların çətinləşdikləri məsələlərə dair geniş izahat verirlər. Məktəblərdə imtahan cədvəlləri tərtib olunmuş və gözəçarpan yerlərdə asılmışdır...Məktəb laboratoriya və fənn kabinələri bu günlərdə daha yaxşı işləyirlər. Əyani vasitələrdən istifadə edən şagirdlər növbəti imtahanlara ciddi hazırlaşırlar. Arcud kənd orta məktəbində kamal attestatı, buraxılış və sinifdən –sinifə dəyişdirilmə imtahanlarını müvəfəqqiyyətlə başa çatdırmaq üçün hələ bir ay bundan əvvəl hazırlıq işlərinə başlanmışdır. İmtahanlarda yüksək göstəricilərə nail olmaq üçün bütün şərait yaradılmışdır. Bu günlərdə məktəb direktoru R.Həsənov yoldaş imtahanların keçirilməsi qaydası haqqında məktəb müəllimləri üçün maraqlı məruzə oxumuşdur. Məktəbdə imtahanlara hazırlıq üçün aparılan təqdirəlayiq işlər aydın göstərir ki, məktəbin direksiyası, pioner və komsomol təşkilatları, habelə bütün müəllimləri keçən illərə nisbətən cari dərs ilini daha yüksək göstəricilərlə başa çatdıracaqlar. İmtahanlara hazırlıq işlərində Arcud kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi M.Əliyev, fizika-riyaziyyat müəllimi M.İsmayılov, Vartana kənd məktəbinin müəllimi S.Aslanov, Hallavar kənd orta məktəbinin rus dili müəllimi S.Sultanov və Gözəldərə kənd məktəbinin fizika-riyaziyyat müəllimi H. Həsənov yoldaşlar öz nümunəvi işləri ilə diqqəti cəlb edirlər...”
Qəzetin 17 aprel 1956-cı il tarixli, N79(6519) sayında, Ə.Mirzəyevin imzası ilə, “Kənd zəhmətkeşlərinə ticarət xidmətlərini yaxşılaşdırmalı”, başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayon kooperativlər ittifaqının Jdanov kəndindəki istehlak cəmiyyəti kənd zəhmətkeşlərinə ticarət xidmətini yarıtmaz təşkil etmişdir. Bunu, istehlak cəmiyyətinin bu günlərdə keçirilən hesabat-seçki yığıncağı aydın göstərdi. Hesabat-seçki yığıncağında qeyd edildi ki, istehlak cəmiyyəti idarə heyətinin yarıtmaz fəaliyyəti nəticəsində mal dövriyyəsinə dair 1955-ci il planı 98,2 faiz, mənfəət planı 70 faiz, cari ilin yanvar ayı planı isə ancaq 34 faiz yerinə yetirilmişdir...Nümayəndə Arcud kənd kolxozunun sədri O.İsayev öz çıxışında cəmiyyətin idarə heyətinin qeyri-qənaətbəxş işlərini ciddi surətdə tənqid etdi. O, göstərdi ki, istehlak cəmiyyəti kolxozları kəndir, araba yağı, zəncir, dırmıq, benzin, neft, daş kömür, nal, mıx, inşaat materialları və başqa təsərrüfat malları ilə olduqca pis təmin edir. O. İsayev sözünə davam edərək dedi ki, partiya və hökumətimiz bir-birinə oxşar idarələrin birləşdirilərək onların idarə aparatlarının və başqa əlavə xərclərinin ixtisar edilməsini qarşıya qoymuşlar. Lakin partiya və hökumətin göstərişlərindən Hoykopun rəhbərləri heç bir nəticə çıxarmırlar. Jdanov kəndi rayon mərkəzinə yanaşı olduğu halda bu kənddə istehlak cəmiyyəti saxlanılır ki, bu da məqsədəuyğun deyildir...”
1957-ci ilin mart ayının 10-da Kirovakan rayonu yerli sovetə seçkilər keçirildi. Bu seçkilərdə Arçut kəndi də öz namizədini irəli sürdü. Bu baxımdan “Sovet Ermənistanı” qəzeti 9 mart 1957-ci il tarixli, N48 (6749) sayında, xüsusi müxbir Ə.Mirzəyevin imzası ilə, “Yaxşı işinə görə” başlıqlı məqalədə yazırdı: “1936-cı ilin qış günlərindən birində arcudlular tarlaçılıq briqadasının briqadiri Oruc Cəbrayıl oğlu İsayevi öz kolxozlarına idarə heyətinin sədri seçdilər. O zaman arteldə vəziyyət o qədər də yaxşı deyildi. Burada heyvandarlıq binaları, ambar və bir çox digər təsərrüfat binaları çatışmırdı, kolxoz təşkilat-təsərrüfatca zəif idi. İsayev idarə heyətinin üzvləri və kolxozçularla birlikdə çatışmayan cəhətləri aradan qaldırmaq, ictimai təsərrüfatı inkişaf etdirmək üçün bir sıra əməli tədbirlər gördü və həmin tədbirləri həyata keçirmək üçün heç bir qüvvə və səy əsirgəmədi. Artel üzvlərinin fədakar əməyi sayəsində çox keçmədən kolxozda xeyli dönüş yaradıldı. Bir neçə il ərzində arteldə yeni üsulda heyvandarlıq binaları tikildi, inək tövlələlərinə avtomat su cihazları, tövlələrdən zibili bayıra daşımaq üçün asma yollar çəkildi. Kolxozda indi təsərrüfatın gəlirli sahələrinin inkişafına xüsusi diqqət yetirilir. Burada iri inəkçilik, qoyunçuluq və quşçuluq fermaları yaradılmış, onblarca hektar sahə alma bağı salınmışdır. Arteldə əkinçilik, heyvandarlıq və bağçılıq ildən-ilə inkişaf etdirilir və məhsuldarlığı yüksəldilir, artelin ictimai gəliri çoxalır, kolxozçuların əməkgünlərinin dəyəri artır. Kolxozda tarlaların və bağların məhsuldarlığını yüksəltmək məqsədilə Çiçxan çayı üzərində tikilməkdə olan nasos stansiyasının inşaatı cari ilin may ayında başa çatdırılacaqdır. Həmin stansiya vasitəsilə 400 hektar əkin sahəsi suvarılacaqdır. Bu ildən başlayaraq 1960-cı ilədək kolxozda 52 hektar sahədə yeni meyvə bağı salınacaqdır. Kolxoz cari ilin yaz əkininə nümunəvi hazırlaşmışdır. Mal-qaranın qışlaması və döl kampaniyası mütəşəkkil keçirilir. İsayev yaxşı işinə görə Ermənistan SSR Ali Sovetinə, bir neçə dəfə rayon və kənd sovetinə deputat seçilmişdir. Arcudlular Oruc İsayevin xidmətlərini nəzərə alaraq onu Kirovakan rayon sovetinə deputatlığa namizəd göstərmişlər. Onlar bu günlərdə İsayev yoldaşla görüş münasibətilə keçirilən yığıncaqda kəndə içməli su kəməri çəkdirməyi, hamam tikdirməyi ona tapşırmışlar. Şübhə yoxdur ki, İsayev yoldaş seçicilərin tapşırıqlarına layiqincə əməl edəcək”.
Elşən Nəsibov (Elşən Ardıc)
Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü
09 avqust 2025
Bakıvaxtı.az üçün