Avropanın yüksək səviyyəli rəsmiləri Ermənistan Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik edib və İrəvanla əməkdaşlığın daha da genişləndirilməsi mesajını veriblər.
Bakıvaxtı.az xəbər verir ki, Avropa Şurasının Prezidenti Antonio Koşta X sosial şəbəkəsində paylaşım edərək Ermənistan xalqının sülh, sabitlik və qonşularla əməkdaşlıq yolunu seçdiyini bildirib.
“Ermənistan xalqı sülh, sabitlik və qonşuları, eləcə də dünya ilə daha güclü əməkdaşlıq üzərində qurulan gələcəyə səs verib”, – Koşta qeyd edib.
O bildirib ki, Paşinyan Ermənistanın dayanıqlığının, sabitliyinin və rifahının gücləndirilməsində mühüm rol oynayıb.
“Ermənistanın dayanıqlığını, sabitliyini və rifahını gücləndirməkdə oynadığınız rolla fəxr edə bilərsiniz. Aİ və Ermənistan birlikdə insanlar arasında əlaqələri gücləndirir, enerji, ticarət və rəqəmsallaşma sahələrində yeni imkanlar yaradır. Güclü tərəfdaşlığımız regionun daha sülhsevər və firavan gələcəyinə yatırılmış sərmayədir”, – Avropa Şurasının prezidenti vurğulayıb.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də Paşinyanı təbrik edərək Ermənistanın Avropaya yaxınlaşmasını önə çəkib.
“2018-ci ildə rəhbərlik etdiyiniz Məxməri İnqilabın ruhu yaşayır və güclüdür. Biz Avropaya getdikcə daha çox yaxınlaşan demokratik Ermənistanla tərəfdaşlığımıza böyük dəyər veririk”, – fon der Lyayen bildirib.
O əlavə edib ki, Ermənistan Avropa İttifaqının dəstəyinə arxalana bilər.
Avropa Parlamentinin Prezidenti Roberta Metsola da Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib.
“Ermənistanda keçirilən milli seçkilərdə qələbə münasibətilə sizi təbrik edirəm, Nikol Paşinyan. Gəlin bu yeni dinamika üzərində çalışaraq Aİ-Ermənistan münasibətlərini daha da gücləndirək”, – Metsola paylaşımında yazıb.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə Ermənistan xalqının Rusiyanın təzyiqlərinə baxmayaraq Avropa yönümlü seçim etdiyini bildirib.
“Görünən odur ki, Ermənistan xalqı, Rusiyanın ciddi təzyiqlərinə baxmayaraq, Avropa gələcəyini seçib və bu, yaxşı haldır. Biz də onların gələcək islahatlarına mümkün qədər dəstək olmağa çalışırıq”, – Kallas qeyd edib.
Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos isə Ermənistan xalqının seçimini ölkənin suverenliyi və Avropa kursuna dəstək kimi qiymətləndirib.
“Rusiyanın genişmiqyaslı təzyiqi və müdaxiləsi şəraitində bu qələbə erməni xalqının güclü, suveren və müstəqil Ermənistan seçimini təsdiqləyir”, – Marta Kos bildirib.
Avrokomissar yaxın vaxtlarda Ermənistana səfər etməyi planlaşdırdığını və Aİ-Ermənistan əməkdaşlığının yeni mərhələyə keçəcəyini vurğulayıb.
Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 49,825 faiz səslə parlament seçkilərində qalib gəlib və hökuməti formalaşdırmaq imkanı əldə edib.
Bakı 



