q
  • Bakı 17° C

    3.39 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

Azərbaycan cəmiyyətinin milli barışığa çox ehtiyacı var - Zaur Bayramlı yazır

CƏMİYYƏT

10 May 2026 | 22:46

Azərbaycan cəmiyyətinin milli barışığa çox ehtiyacı var - Zaur Bayramlı yazır

Türkiyədə Cumhuriyyət düşməni dinçilər 100 ildir Atatürkü din düşməni olaraq göstərib də, cəmiyyəti parçalamağa nail olublar və bu parçalanmadan da maddi, siyasi olaraq bəhrələnməkdədirlər.

Əslində isə Atatürk dinə qarşı deyildi, dinin və dinçilərin dövlət işlərinə müdaxiləsinə qarşı idi. O, inanclı bir lider olaraq, Türkiyə Böyük Millət Məclisinin açılışını məhz cümə günü, Hacı Bayram Vəli camisində cümə namazını qıldıqdan sonra etmişdi.

Bir dəfə Türkiyədə siyasətçi bir dostum dedi ki, bu dinçilər məqsədli olaraq yanlış təbliğatla Muhammed Mustafa ilə Mustafa Kemalı xalqa düşmən olaraq tanıtmışlar, bizim görəvimiz millətimizin nəzdində onları "barışdırmaqdır". Bu söz mənə çox məntiqli gəlmişdi.

İndi bu örnəyi niyə gətirdim?!

Məmməd Əmin Rəsulzadə də, Elçibəy də, Heydər Əliyev də tariximizin inkar edilməsi mümkün olmayan reallığı, gerçəkliyidirlər - bütün doğruları və yanlışları ilə.

Hər birisi böyük dava və siyasət adamı olan bu şəxsiyyətləri "düşmən etmək", ən azından düşmən kimi göstərmək birilərinin işinə gəlir. Biriləri bundan siyasi və digər mənalarda bəhrələnərək, öz siyasi varlıqlarını sürdürməkdədirlər.

Oysa ki, bu "düşmənçilikdən" itirən xalqımız, dövlətimiz, ölkəmizdir.

İndi Azərbaycan 30 il, 20 il, heç 10 il əvvəlki Azərbaycan deyil. Hesab edirəm ki, hər tərəfin yenidən düşünməsinə, olayları və bu tarixi olayların içində, önündə yer alan bu şəxsiyyətləri yenidən dəyərləndirməsinə ehtiyac var.

Belə bir deyim var: " Bir ölülər, bir də dəlilər fikirlərini dəyişmirlər."

Biz tariximizə damğa vuran bu böyük şəxsiyyətləri inkara qalxdıqca, sadəcə onların adlarını deyil, eyni zamanda daşıdıqları ideologiyaları, tutduqları yolu, apardıqları siyasəti, gördükləri işləri, çoxsaylı tərəfdarlarını, ardıcıllarını və nəhayətində öz tariximizi silməyə uğursuz cəhdlər etmiş olacağıq.

Bu gün tariximizin çox keşməkeşli və dinamik son 100 illiyinə öz damğasını vuran bu 3 böyük şəxsiyyətdən birinin - Heydər Əliyevin doğum günüdür.

Bu gün münasibətilə mən cəmiyyətimizin Heydər Əliyevə qarşı önyarqılı, qərəzli yanaşan "küsülü" kəsimini, varlığını və gördüyü işləri inkar edə bilməyəcəyimiz bu böyük şəxsiyyətlə barışmağa çağırıram.

P. S. Bir vaxtlar bizə, Heydər Əliyevin dünyanın ən böyük ölkələrindən birinin - Sovet İttifaqının rəhbərliyində təmsil olunmasını utanılacaq bir şey olduğunu "öyrətmişdilər". Bu gündən baxdığımızda isə şəxsən mən bunu utanılacaq yox, qürur duyulacaq bir fakt olaraq dəyərləndirirəm.

Ruhu şad olsun.


SON XƏBƏRLƏR