Prezident İlham Əliyev: "Bizə sağlam millət lazımdır, sağlam, yeni gənc nəsil lazımdır. Bilikli, savadlı, bütün dünyada gedən proseslərə bələd olan, gözəl təhsil alan, öz biliyi və savadı ilə Azərbaycanın gələcək inkişafına töhfə verəcək gənc nəsil lazımdır, vətənpərvər gənc nəsil lazımdır"
Hər bir dövlətin taleyi bütün mənalarda onun milli şüurunun daşıyıcılarından asılıdır. Bu daşıyıcılar isə təkcə görkəmli şəxslər, elm adamları və tarixi şəxsiyyətlər deyil, eləcə də vətən, millət təəssübkeşliyi çəkən hər bir şəxsdir.
Hər bir insan mənsub olduğu xalqın milli əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Bu gün istər vətəndaş cəmiyyətinin formalaşmasında, istərsə milli şüurun ən böyük daşıyıcıları kimi gənc nəsli xüsusi qeyd etmək lazımdır.
Gənc nəslin milli şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir dünyanın vacib elementlərindən hesab olunur. Hazırda dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri isə milli kimlik məsələsini gündəmə gətirir. Kiçik millətlərin bu dalğada əriyib sıradan çıxmaması üçün milli şüurun inkişafını labüd edir. Hər bir xalqın milli kimliyi dedikdə ilk növbədə onun təmsil etdiyi ölkənin vətəndaşlarının öz vətəninə olan sədaqəti. məhəbbəti başa düşülür. Azərbaycanda bu funksiyanı Azərbaycançılıq ideyası tamamlayır. Maraqlıdır, bəs milli ideologiyasının formalaşması hansı prinsiplərə əsaslanır? Xatırladaq ki, Azərbaycan dövləti öz vətəndaşlarının milli şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir ki, onun da mahiyyəti azərbaycanlıların milli xüsusiyyətlərinin saxlanması, Azərbaycan dilinin saflığının, təmizliyinin, Azərbaycan milli dəyərlərinin adət və ənənələrinin, milli dövlətçiliyinin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsini əhatə edən siyasətdən ibarətdir. Bununla parallel olaraq mənəvi dəyərlərin qorunması siyasəti yürüdülür ki, onun da kökündə unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpası, İslam normalarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yararlanmaq durur. Məhz bu siyasətin nəticəsidir ki, azərbaycanlılar dünya birliyinə inteqrasiya prosesində milli kimliyini qoruyub saxlaya bilib.
Hər bir xalqın milli varlığının əsas atributlarından biri milli şüurdur. Milli şüur uzun tarixi inkişaf prosesi keçərək formalaşan bir məhfumdur. Geniş mənada bu məhfum milli mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Milli şüurda bir fərdin təmsil olunduğu etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz əksini tapır. Həmçinin millətə aid bir çox keyfiyyətlər: düşüncə tərzi, özünəməxsusluq, milli xarakter, psixi amillər milli şüurun tərkibində vəhdət kimi çıxış edir.
Azərbaycan xalqının milli şüuru və azərbaycançılıq ideyası vəhdət təşkil edərək, onun mövcudluğunu və inkişafını şərtləndirən amillərdən birini təşkil edir. Azərbaycan milli şüuru ümumtürklüyü, Şərq islam və milli özünəməxsusluğu, ümumbəşəriliyi, müasirliyi, azərbaycançılığı ilə fərqlənir. Alimlər arasında milli şüuru daha geniş anlayış kimi təqdim edənlərə, milli şüurun milli-mənəvi dəyərlər silsiləsinə daxil edənlərə də təsadüf olunur.
Milli şüur-milli ruh yalnız nəsil, qan birliyi əsasında formalaşa bilməz. Bu prizmadan çıxış etsək görərik ki, milli ideologiyanı da yalnız qan-nəsil birliyi ilə formalaşdırmaq çətindir. Ona görə də, milli şüur milli ideologiyanın formalaşmasında çox mühum rol oynaya bilər. Yəni türklüyümüzlə yanaşı, islamlılığı, çağdaşlığı və azərbaycanlılığı ifadə edən yeni bir milli şüura ehtiyacımız var. Burada türklük dil, mədəniyyət və etnosla, azərbaycanlılıq vətən və dövlətçiliklə, islam dini inac və etiqadla, müasirlik yeniləşmə və zəmanənin tələbləri ilə bağlıdır.
Gənclik müasir dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Xüsusilə milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün illər lazımdır. Bu gənclərin yetişməsi üçün cəmiyyət özü zəmin yaratmalıdır. Gənc nəslin milli şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanması hər bir dövlətin qarşısında duran böyük vəzifədir.
Milli şüur və ləyaqətin tarixi kökləri təsdiq edir ki, Azərbaycan xalqı özünün tarixi şəxsiyyətlərini öyrənməyə böyük mənəvi haqqı vardır. Milli şüurun formalaşmasına müxtəlif amillər təsir göstərir. Bunların içərisində demokratik əsaslarda qurulmaqda olan ictimai mühit, həyat tərzi birinci yerdə durur. Demokratik əsaslarda qurulmaqda olan dövlət qurumu, həyat tərzi insanların şəxsiyyətinin formalaşmasında mühüm amildir. Milli şüurun tarixi kökləri türk dilli xalqlarda, habelə Azərbaycan xalqında çox qədim dövrlərə gedib çıxır. Türklər (türkdilli xalqlar) dünya dövlətçiliyi tarixində dərin iz qoymuş millətdir. Hun imperiyası, Göy Türk xaqanlığı, Səlcuqlar və Qəznəvilər dövləti, Xarəzmşahlar səltənəti, Osmanlı imperiyası, Əmir Teymur və Şah Babur imperiyaları, Atabəylər dövləti, Səfəvilər dövləti və s. Türk siyasətçiləri bütün türk dövlətlərini birləşdirə biləcək dövlət qurmaq üçün həmişə fəaliyyət göstərmişdir.
Dövlətçilik tariximizə nəzər salsaq görərik ki, ölkəmizdə bütün dövrlərdə gənc nəslin doğru yetişdirilməsinə xüsusi önəm verilib. Hələ 103 il öncə yaradılan Azərbaycan Xalq Cumhuriyyəti zamanında gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində ciddi işlər görülüb. Bu dövrdə Azərbaycan gəncliyində güclü milli mənlik şüuru və vətənpərvərlik hissləri formalaşmışdı. Həmin gəncliyin əməyi nəticəsində azərbaycançılıq ideyası, dövlət və milli birlik anlayışı, vətən sevgisi, eləcə də ədəbiyyatı, mədəni nümunələri və s. formalaşdı. Sonrakı dövrdə də Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu az olmayıb. Təkcə Milli Azadlıq Hərəkatında iştirak edən yüzlərlə gənci misal çəkmək kifayətdir.
Bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən də müasir informasiya-kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən hesab olunur. Xüsusilə müstəqil Azərbaycan üçün bu, məlum səbəblər üzündən vacib əhəmiyyət kəsb edir. Digər tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaqlar. Gənclərin milli şüurunun və vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir.
Aydın məsələdir ki, bunları dərk edən gənclərdə milli mənlik şüurunun inkişafı yüksək səviyyədə olacaq. Hər bir vətəndaşın milli şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və mənəvi zəmində tərbiyə olunan gənc özünün, xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına daxil olur. Bu çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Hər bir gənc aydın şəkildə dərk edir ki, əzəmətli ağaclar öz kökləri üzərində dayandığı kimi fərdlər də öz xalqı, öz milləti içərisində təşəkkül tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət tərbiyə olunur. Nəhayətdə belə bir həqiqəti dərk edir ki, millət və xalqın, Vətənin, doğma yurdun taleyi onun taleyinə qovuşur, şəxsi ideal və arzuların tərkib hissəsinə çevrilir. Belə bir şəraitdə Azərbaycanda böyüməkdə olan nəslin milli şüurunun və milli ləyaqətinin tərbiyə edilməsində, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın onlara düzgün öyrədilməsində aydınların üzırinə böyük vəzifələr düşür. Məlum olduğu kimi millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Odur ki, vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısı hesab olunur. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarla bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır.
Müasir dövr Azərbaycan gəncliyinin ən böyük qəhrəmanlıq salnaməsi şübhəsiz Vətən müharibəsində göstərdikləri rəşadətli mübarizə ilə bağlıdır. Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş bu müqəddəs mübarizədə Ali Baş Komandan ətrafında səfərbər oldu. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərinə idi. Çünki Qarabağı azad etmək uğrunda gedən qanlı döyüşlərdə sinəsini sipər edən, əli silahlı düşmənin üzərinə gedənlər ilk növbədə gənclər oldular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak edib. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu sübut ediblər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi, qələbə dolu döyüş yolu ilə yeni tarix yazdılar. Azadlığa qovuşan hər qarış Vətən torpağında minlərlə şəhidimizin qanı və bütün qəhrəman qazilərimizin alın təri var. Bu birlik Azərbaycan tarixində möhkəm kök salmış milli mənlik şüurunun və vətənpərvərlik hissinin ən ali səviyyəsi idi.
Rövşən Məmmədli
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşı