12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür.
Bakıvaxtı.az-ın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.
Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Qeyd edək ki, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Prezident İlham Əliyev 28 dekabr 2024-cü ildə imzaladığı Sərəncamla 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edib.
Onu da bildirək ki, 22 oktyabr 2025-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalı təsis edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu təsdiqləyib.
Etni zamanda, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və medalın təsviri təsdiq edilib.
Həmçinin Prezident İlham Əliyev Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.
Fərmanla müəyyən olunub ki, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir, həmin Əsasnamənin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Konstitusiya Məhkəməsi nəzərdə tutulur, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Konstitusiya Məhkəməsinin sədrinə verilir.
Konstitusiya Günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.
Bakı 



