“Ermənistan tərəfinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsində törətdiyi təxribat, eyni zamanda Zəngilanda Azərbaycan sərhəd zastavasını atəşə tutması Azərbaycan tərəfini adekvat və daha təsirli addımlar atmağa vadar edir”.
Bunu Bakıvaxtı.az-a Ermənistan tərəfinin son günlər artan hərbi təxribatlarına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, iyunun 15-də bir hərbi qulluqçumuzun yaralanması ilə nəticələnən erməni təxribatlarına cavab olaraq düşmənin bir əsgəri yaralı, iki əsgəri isə ölü olaraq zərərsizləşdirilib.
Hərbi ekspert qeyd edib ki, Ermənistan tərəfi təxribatlarına son verməsə, eskalasiyanı genişləndirmək niyyətindən əl çəkməsə, Azərbaycan tərəfi düşməni cəzalandırmaq üçün daha irimiqyaslı tədbirlər həyata keçirə bilər: “Bunların arasında cəzalandırma, çəkindirmə, eləcə də antiterror əməliyyatları yer ala bilər”.
Qeyd edək ki, son günlər Ermənistanın hərbi təxribatları ara vermir. Belə ki, iyunun 15-də saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub.
Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.
Eyni zamanda, dünən Zəngilan istiqamətində ağır döyüşlər gedib.
Məlumata görə, döyüşlər Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra başlayıb.
Ermənilər artilleriya qurğularından və zərbə PUA-larından istifadə ediblər.
İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək isə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
MN bildirir ki, iyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.
Nərgiz Məmmədli






_1514463170jpg-1689433733.webp)









