"Laçın nəzarət-buraxılış məntəqəsininin girişində Ermənistanın təşkil etdiyi "humanitar yardım" şousu bir neçə məqsədə xidmət edir".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlar prosesində mövqeyini möhkəmləndirməyə çalışır. A.Səmədov qeyd edib ki, Ermənistan Azərbaycanın nüfuzunun azalması üçün "humanitar yardım" şousundan istifadə etməyə cəhd göstərir: “Göz qabağındadır ki, həm ABŞ, Avropa İttifaqının tərkibində olan dövlətlərin bir neçəsi, həm Ermənistandakı səfirliklər bu şouya müəyyən qədər dəstək verirlər. Ermənilərin haray-həşiri onlar üçün inandırıcı görünür. Dərk etmək istəmirlər ki, Azərbaycan öz ərazisinə humanitar yardımın hansı istiqamətdə çatdırılmasını özü həll edir. Ağdam-Xankəndi yolunu təklif ediriksə, dünya da bu istiqamətdə Azərbaycana yardımçı olmalıdır. "Laçın dəhlizi açılmalıdır" kimi sərsəm bəyanatlar verilməməlidir”.
Müsahibimizə görə, Ermənistanın başqa bir məqsədi Qarabağ ermənilərinə müəyyən reallıqları göstərməkdir: “Nikol Paşinyan mətbuat konfransında açıq şəkildə dedi ki, "Qarabağda elə düşünürlər ki, Avropada ancaq Qarabağ haqqında fikirləşirlər. Lakin hərənin öz problemləri var". Paşinyan bununla Qarabağ ermənilərini tutduqları radikal mövqedən çəkindirəcəyini güman edir. Çünki Qarabağ erməniləri həm ABŞ-ın, həm Ermənistanın, həm də Rusiyanın mövqeyinin ziddinə davranış sərgiləyirlər. Deyirlər ki, "biz Azərbaycanın tərkibində yaşamaq istəmirik, müstəqil olmalıyıq". Amma bu məsələdə onları heç kim dəstəkləmir. "Humanitar yardım" şousundan Ermənistan rəhbərliyi bu məqsədlə də istifadə etmək istəyir. Yəni Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə göstərməyə çalışır ki, "baxın, Azərbaycan humanitar yardımı buraxmır, ancaq dünya da bir-iki bəyanatdan o tərəfə keçmir. Sizin gözlədiyiniz sanksiyalar, Azərbaycana qarşı kəskin addımlar yoxdur və olmayacaq".

Abutalıb Səmədov: Ağdam-Xankəndi yolunu təklif ediriksə, dünya da bu istiqamətdə Azərbaycana yardımçı olmalıdır
Həmsöhbətimiz vurğulayıb ki, bu, ilk növbədə Ermənistanın təşkil etdiyi təxribatdır. Ancaq təşkilində iştirak edib-etməməsindən asılı olmayaraq, təbiidir ki, bu təxribat həm Rusiya, həm Fransa, həm də İranın maraqlarına xidmət edir: "Onlar da Azərbaycanın təcrid vəziyyətinə düşməsini arzulayırlar və güman edirlər ki, Azərbaycana göstərilən təzyiq, Bakını məcbur edəcək ki, öz mövqelərindən müəyyən qədər imtina etsin. Ancaq Azərbaycan hakimiyyəti qəti mövqe tutmaqda davam edir. Şounun ən qızğın məqamında hakimiyyət nəinki geri çəkilmədi, üstəlik Vaqif Xaçaturyan adlı cinayətkarı da həbs edərək gündəmi dəyişdirə bildi. İndi "humanitar fəlakət" nağıllarından daha çox V.Xaçaturyan müzakirə olunur. Çünki anlayırlar ki, hələ həbs olunacaq xaçaturyanlar yüzlərlədir”.
A.Səmədov bildirib ki, əlbəttə, bu, Azərbaycan hakimiyyəti üçün o qədər asan olmayan məsələdir: “Ancaq ümid edirik ki, hər zaman olduğu kimi bu mübarəzidən də hakimyyət qələbə ilə çıxacaq. Ermənistana, Rusiya və İrana anladacaq ki, Azərbaycan öz qırmızı xəttlərindən heç vaxt imtina etməyəcək. Qarabağ da daxil olmaqla suverenliyimizi təmin edəcəyik və öz ərazimizdə ancaq və ancaq Azərbaycan Konstitusiyası və qanunları işləyəcək. Ağdam-Xankəndi yolu Qarabağa yardım etmək istəyənlər üçün əsas yoldur. Əgər çox arzulayırlarsa, bu yoldan istifadə edə bilərlər. Gələcəkdə normal davranacaqları təqdirdə Azərbaycan özü də erməni vətəndaşlarına zəruri yardımları göstərəcək".
Aydın Baxış


png-1690894288.png)













