Ötən ildə Azərbaycanda 12 milyard 995,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,5 % çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,1 % artaraq 6 milyard 162,3 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,7 % artaraq 6 milyard 832,9 milyon manat olub.
Bu ilin əvvəlinə qarğıdalı da daxil olmaqla 1 milyon 021 min hektar sahədən, hər hektardan orta hesabla 31 sentner olmaqla, ilkin çəkidə 3 milyon 276,6 min ton və ya 2023-cü illə müqayisədə 0,9 % çox dənli və dənli paxlalı bitkilər toplanıb.
2024-cü ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 1 milyon 685,7 min tonunu və yaxud 51,4 %-ni buğda təşkil edib. Buğdanın məhsuldarlığı 30,9 sentner olub. Bundan əlavə, 1 milyon 838,9 min ton və ya 2023-cü ilə nisbətən 0,7 % çox tərəvəz, 1 milyon 317,9 min ton (4,5 % çox) meyvə və giləmeyvə, 927,4 min ton (8,2 % az) kartof, 490,6 min ton (11,9 % çox) bostan məhsulları, 307 min ton (11,1 % çox) pambıq, 289,1 min ton (31,5 % çox) şəkər çuğunduru, 205,1 min ton (8,6 % az) üzüm, 31,2 min ton (6,6 % çox) günəbaxan, 6,5 min ton (2,2 % çox) tütün, 1,1 min ton (4,8 % az) yaşıl çay yarpağı yığılıb.
Bildirilir ki, ölkədə 2025-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar 1-nə olan vəziyyətə görə, 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 99 %-ni və yaxud 932,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
2023-cü ilin göstəriciləri ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 8,2 %, o cümlədən buğdanın səpin sahəsi 15,5 % azalıb, arpanın səpin sahəsi 2,3 % artıb.
12 ayda quş əti də daxil olmaqla diri çəkidə 659 min ton ət, 2 milyon 298,5 min ton süd, 2 milyard 300,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. 2023-cü illə müqayisədə ət istehsalı 1,7 %, süd istehsalı 0,6 %, yumurta istehsalı 5,1 % artıb, yun istehsalı 2,2 %, barama istehsalı 32,9 % azalıb.
2024-cü ildə hər inək və camışdan orta hesabla 1 min 834 kiloqram (2023-cü ildə 1 min 746 kq olub) süd sağılıb. Yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6 milyon 850,2 min baş qoyun və keçi, 2 milyon 459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 223,1 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,7 %-ni inək və camışlar təşkil edir.
2024-cü ildə quşçuluq müəssisələrində diri çəkidə 82,3 min ton quş əti və 1 milyard 148,7 milyon ədəd yumurta istehsal olunub.
Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 12 milyon 091,5 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 248 ədəd yumurta alınıb.