ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp inauqurasiya mərasiminə xarici liderləri dəvət edərək faktiki olaraq ənənəyə qarşı çıxmağa qərar verib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Çin lideri Si Cinpin tədbirə dəvət alıb. Lakin Çin Xarici İşlər Nazirliyi bu gün bildirib ki, ÇXR sədrinin əvəzinə inauqurasiyaya onun müavini Han Çjen gedəcək. Çin tərəfinin qərarını şərh edən agentlik qeyd edir ki, əvvəllər "heç bir dövlət başçısı inauqurasiya münasibətilə ABŞ-yə rəsmi səfər etməyib", yalnız xarici diplomatlar iştirak ediblər.
Bununla yanaşı, digər dövlətlərin liderləri də inauqurasiya mərasiminə dəvət olunublar. Onların arasında Argentina Prezidenti Xavyer Miley və İtaliyanın Baş naziri Corca Meloni də var. Ekvador Prezidenti Daniel Noboa və Paraqvay Prezidenti Santyaqo Penya isə mərasimdə iştirak edəcəklərini təsdiqləyiblər. Bundan başqa, ABŞ Prezidentinin inauqurasiyasında Yaponiyanı ilk dəfə olaraq XİN başçısı təmsil edəcək.
Daha əvvəl Trampın mətbuat katibi Karolin Livitt “Fox News” telekanalına müsahibəsində bildirmişdi ki, Tramp xarici liderləri dəvət etməklə "təkcə müttəfiqlərlə deyil, həm də əleyhdarlar və rəqiblərlə" açıq dialoq apardığını göstərmək istəyib.