• Bakı C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Manat BAHALAŞIR? - Üzən məzənnə rejimi olsaydı...

CƏMİYYƏT

17 Yanvar 2025 | 17:06

Manat BAHALAŞIR? - Üzən məzənnə rejimi olsaydı...

Son 5 ildə Azərbaycan manatı ABŞ dollarına qarşı 14%, avroaya qarşı 19%, ingilis funtuna qarşı 17%, türk lirəsinə qarşı 36%, gürcü larisinə qarşı 1%, yapon yenasına qarşı 48%, Çin yuanına qarşı 38%, İsveçrə frankına qarşı 11,5% bahalaşıb.

Bakıvaxtı.az xəbər verir ki. bunu iqtisadçı Rövşən Ağayev bildirib.

Onun təhlilinə görə, Azərbaycan məhsullarının yuxarıda sadalanan hər bir valyutada ifadə edilmiş qiyməti son 5 ildə bahalaşıb.

Maraqlıdır ki, manatın real bahalanma sürətinin artmasının hansı təsirləri var?

İqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan manatı sərbəst dönərli valyuta olmadığı üçün beynəlxalq valyutalara qarşı ucuzlaşa bilmir.

Onun sözlərinə görə, ölkəmizdə manatın dəyəri ABŞ dollarına bağlıdır. Həmçinin manatın dayanıqlığı sərbəst məzənnə əsasında formalaşmayıb:

"Azərbaycan manatının dəyəri inzibati qaydada Mərkəzi Bankın müəyyən etdiyi kursla təsbit olunur və birbaşa ABŞ dollarına bağlı olaraq götürülür. Bu, ondan irəli gəlir ki, Azərbaycanın ixrac etdiyi əsas məhsullar neft və qazdır. Bu məhsullardan əldə olunan gəlir isə ABŞ dolları əsasında formalaşır. Ölkəyə daxil olan xarici valyutanın 90%-dən çoxu ABŞ dollarının payına düşür. Digər xarici valyutalara münasibət isə dollara münasibət fonunda çarpaz olaraq müəyyən olunur. Məsələn, türk lirəsi ABŞ dolları qarşısında nə qədər ucuzlaşıbsa, manat qarşısında da avtomat olaraq dəyər itirir".

P.Heydərovun fikrincə, son 5 ildə Azərbaycan manatı ABŞ dolları qarşısında 1.70 səviyyəsində qalmaqla, dəyər itirməyib. Ölkəyə valyuta axını çoxluq təşkil etdiyinə görə sərbəst üzən məzənnə rejimi olsaydı, manatın dəyəri arta bilərdi.

"Ölkədə inflyasiyanı məhdud çərçivədə saxlayan nominal effektiv məzənnə ilə bağlıdır. Beynəlxalq valyutaların dollar qarşısında dəyər əldə etməsi fonunda manat da dəyərə minib. Əslində bu, yaxşı hal deyil. Bu tendensiya ölkənin dünya bazarına ixrac etdiyi məhsulların qiymətini artırır. Qiymətlər nə qədər çox bahalaşarsa, həmin məhsulların satılması bir o qədər çətinləşir. Ona görə də mövcud vəziyyət ölkənin iqtisadiyyatına potensialına xeyirdən çox, zərər verir", - deyə müsahibimiz vurğulayıb.

Pərviz Heydərov: Bu vəziyyət davam etdikcə, ölkənin iqtisadi potensialı basqı altında olacaq

İqtisadçı hesab edir ki, bu il üçün Mərkəzi Bankın pul-kredit siyasətində və hökumətin hədəfində manatın dəyərinin ABŞ dollarına nəzərən 1.70 səviyyəsində saxlanması var. Bunun növbəti illərdə də dəyişdirilməməsi planlaşdırılır:

"Bu, ondan irəli gəlir ki, hələlik üzən məzənnə rejiminə keçid mümkün deyil. Çünki ölkəyə valyuta axını yalnız neft və qaz üzrə ixracdan daxil olur. Bu vəziyyət davam etdikcə, ölkənin iqtisadi potensialı basqı altında olacaq".

Gülşən Şərif


SON XƏBƏRLƏR