Demək olar ki, hər gün mediada qətl xəbərlərinə rast gəlirik. Hər bir ölüm hadisəsi insanı təəssüfləndirsə də, ən çox yeniyetmələrin bu qətllərdə iştirakı üzücüdür.
Elə ötən günlərdə Sumqayıt şəhərində 17 yaşlı yeniyetmənin öldürülməsində şübhəli bilinərək saxlanılan 2011-ci il və 2010-cu il təvəllüdlü qardaşlar buna misaldır.
Bəs, yeniyetmələr niyə cinayətə meyillidir? Bunun qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, yeniyetmələrin aqressiv davranış və cinayətə meyilli olmasının bir çox səbəbləri var ki, bu səbəblər bioloji, psixoloji, sosial və ətraf mühit amillərinin qarışığıdır.
Səbəblərə öncə ailə mühitinin daxil edildiyini deyən E.Rüstəmov qeyd edib ki, valideyn nəzarətinin zəif olması, ailədaxili münaqişələr və ya zorakılıqlar, sevgi və qayğının çatışmazlığı bura aiddir. Onun sözlərinə görə, bu da öz növbəsində yeniyetmələrdə özünütəsdiq problemləri, emosional tənzimləmədə çətinliklər, travmatik təcrübələrə səbəb olur.
Elnur Rüstəmov: Cinayət meyllərinin qarşısını almaq üçün həm ailələr, həm də cəmiyyət birgə çalışmalıdır
Müsahibimiz bura həmçinin sosial təzyiqin aid olduğunu söyləyib. Bildirib ki, cinayətkar mühitdə böyümək, mənfi dost çevrəsi və ya qrup təsiri, məktəbdə zorakılıq və ya qəbul edilməmək də yeniyetmədə bu cür davranışların yaranmasınə tətikləyə bilər:
“Texnologiya dövrüdür. Texnologiya və sosial media da yeniyetmələrdə aqressiv davranışlara səbəb ola bilir. Bura biz aqressiv davranışları təşviq edən oyunlar və filmlər, sosial mediada zorakılıq və mənfi təsirlərin təbliğini daxil edə bilərik”.
E.Rüstəmov nəzərə çatdırıb ki, səbəblər müxtəlifdi və qarşısını almaq üçün bir çox qabaqlayıcı tədbirlər görmək olar. O, tədbirlərə valideynlər üçün tərbiyə və ünsiyyət mövzularında təlimləri, ailə daxilində münaqişələrin həlli üçün psixoloji yardımları nümunə göstərib. Həmçinin yeniyetmələr üçün fərdi və ya qrup terapiyaların, məktəblərdə psixoloq xidmətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Məktəblərdə sosial-emosional bacarıqların tədrisi, zorakılıq əleyhinə proqramlar və seminarlar təşkil olunmalıdır. Eyni zamanda risk qrpuna daxil olan uşaqlar üçün sosial dəstək layihələri, idman və incəsənət fəaliyyətlərinə yeniyetmələri cəlb etmək yaxşı olardı”.
Həmsöhbətimizin fikrincə, internet və sosial mediada uşaqların izlədiyi kontentə nəzarət edilməli, media savadlılığı ilə bağlı maarifləndirmə işi aparılmalıdır:
“Ümumiyyətlə, yeniyetmələrin aqressiv davranışının və cinayət meyllərinin qarşısını almaq üçün həm ailələr, həm də cəmiyyət birgə çalışmalıdır. Profilaktik tədbirlər, erkən müdaxilə və davamlı dəstək bu kimi problemlərin həllində ən təsirli vasitələrdən biridir”.
Mina Mikayılova