Çin istehsalı olan avtomobillərin qiymətində son günlər ucuzlaşma müşahidə olunur. Az qala hər gün sözügedən maşınları təklif edən avtosalonlar sosial platformlarda canlı yayımlar açaraq, alıcılara endirimli qiymətə və ən asan şərtlər çərçivəsində kreditlə avtomobillər təklif edirlər.
Bir sözlə, bu bazarda təklif çox, tələb isə azdır. Onu da vurğulamaq yerinə düşər ki, ötən illərdə Çin istehsalı olan avtomobillərə çox ciddi tələb vardı. İndi isə proses əksinə cərayan edir.
Maraqlıdır, bu avtomaşınlara maraq və tələb niyə azalıb?
Bakıvaxtı.az-ın sualını cavablandıran nəqliyyat üzrə mütəxəssis Ramin Mehdiyev bunun səbəbini bir neçə amillə izah edib. O qeyd edib ki, əvvəllər məlum avtomaşınları qiymətinin ucuzluğu və yeniliyinə görə hər kəs almağa başladı və müvəqqəti olaraq, bu avtomobillərə tələbat artdı:
“Bundan başqa, Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi (AYNA) takislərlə bağlı tələblər irəli sürdü. Bu tələblərə görə taksi xidməti göstərənlər yeni nəsil avtomobillərdən istifadə etməli idilər. Çin maşınlarının yeni, eləcə də qənaətçil olması taksi sürücülərinin işinə yarayırdı. Bu mənada Çin maşınlarına böyük bir maraq yarandı. Düzdür, onları alıb, ailələri üçün istifadə edənlər də vardı”.
R.Mehdiyev qeyd edib ki, AYNA buraxılışı ləğv etdiyi və Çin istehsalı olan avtomobillərin keyfiyyəti üzə çıxdığı üçün bu avtomobillərə tələbat azaldı:
“Bu maşınları 50-60 min kilometr sürdükdən sonra yaranan problemlərin şahidi oldular. Təsəvvür edin, 50 min sürülən avtomobilin motor və “karopka”sında problemlər yarandı, bəziləri alışıb yandı. Bu maşınların alıb, yoxlamadan keçirdilər və gördülər ki, təzə olsa belə, keyfiyyəti qənaəbəxş deyil. Bu üzdən Azərbaycanda Çin maşınlarının bazarı “öldü”.

Ramin Mehdiyev: Çin maşınlarında problemlərin yaranması həm də sürücülərin təcrübəsizliyi ilə bağlıdır
Müsahibimiz diqqətə çatdırıb ki, Çin avtomobilləri Azərbaycan bazarlarına gəlməzdən öncə, Cənubi Koreya və ABŞ-dən gətirilən avtomobillərə maraq daha çox idi:
“İndi bir geri dönüş müşahidə olunur. Alıcılar daha çox Cənubi Koreya və Amerika istehsalı olan avtomobillərə üz tuturlar. Bunun üçün Çin maşınlarının qiymətində ciddi azalma var. Məsələn 1-2 il öncə 35-37 minə təklif olunan Çin maşını indi 28-30 minə satılır. Qiymətlərdə ən azı 5 min manat enmə var, çünki tələb azdır. İnsanlar Koreya və Amerika istehsalı olan avtomobillər almaq barədə düşünürlər”.
R.Mehdiyev onu da əlavə edib ki, Çin istehsalı olan maşınlarda problemlərin yaranması həm də sürücülərin təcrübəsizliyi ilə bağlıdır:
“Sürücülərin tam təcrübələri formlaşmayıb. Bəzən təcrübəsizlik üzündən elektronika probmeləri yaranır və sürücülər saatlarla servislərdə qalırlar. Bu səbəbdən insanlar düşünürlər ki, işlənmiş belə olsa, Koreya və ABŞ istehsalı olan maşın alım ki, heç olmasa, problemləri və detalları tez tapılsın. Bu da Çin istehalı olan avtomaşınlara olan tələbi öləzidən səbəblərdən biridir”.
Aydın Baxış
Bakı 



