Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, yeni tədris ilindən Bakı şəhərində 215 məktəbdə elektron jurnal və elektron gündəlik tətbiq olunacaq.
Qeyd edək ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə “Elektron Məktəb” pilot layihəsi həyata keçirilib.
“Elektron məktəb” layihəsinin əsas məqsədi seçilmiş təhsil müəssisələrində informasiya texnologiyalarını müasir tələblərə uyğun olaraq tətbiq edərək tədrisin effektiv səviyyədə təşkilini və təhsilin idarəolunmasını təmin etməkdir.
Sual yaranır: Təhsil Nazirliyi “Elektron məktəb”i sıfırdanmı qurur?
Yüksək texnologiyalar üzrə ekspert Osman Gündüz Bakıvaxtı.az-a bildirib ki, elektron məktəblə bağlı hər şey yenidən, sıfırdan başlanacağı gözlənilir.
“Apardığım araşdırma və monitorinq onu göstərir ki, Təhsil Nazirliyi elektron məktəblə bağlı bütün prosesləri, məktəbin idarə edilməsini, şagirdlərin qiymətləndirilməsini, valideyn-məktəb münasibətlərini onlayn mühitdə sürətlə yenidən qurur.
Yeni platformalar, müəllim və valideyn üçün imkanlar onlayn mühitdə hazırlanıb. Hələlik yeni “Elektron məktəb” platforması tam başa çatdırılmayıb.
Yeni “Elektron məktəb" sisteminin hansı şirkət tərəfindən hazırlanması haqqında açıqlama verilməyib. Ümid edirəm bu dəfə sistem daha dayanıqlı olacaq və oturuşa biləcək”,-deyə O.Gündüz bildirib.
Ramid İbrahimov
















