"Bir çox Avropa ölkələrində meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb".
Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir: "İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlərin, burun və ağzın selikli qişalarından daxil ola bilər. Suçiçəyi və meymunçiçəyi iki fərqli xəstəlikdir, törədiciləri də müxtəlifdir, çünki fərqli viruslardır. Suçiçəyi əsasən hava-damcı yolu ilə yayılır, meymunçiçəyi isə insandan-insana yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər".
Nazirlik rəsmisi bildirib ki, meymunçiçəyi virusunun əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir: "Suçiçəyi ilə müqayisədə meymunçiçəyi virusu zamanı səpgilər daha dərin və həcmli olurlar. Simptomlar arasında əsas fərq meymunçiçəyi virusuna yoluxma zamanı limfa düyünlərinin böyüməsidir (limfoadenopatiya)".
















