"İki dövlət operatorunun birləşməsi ilə daha çevik və effektiv idarəetmə əldə etmək mümkün olmasına baxmayarq daha güclü dövlət operatorunun formalaşması ilə sektorda rəqabətlə bağlı risklər də yarana bilər".
Bakıvaxtı.az xəbər verir ki, bunları Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:
"Son zamanlar müşahidə etmək olar ki, regionlarda bütün kommunal və digər qurumlarda islahatlar aparılmış və rayon səviyyəli idarəetmə orqanları ləğv edilərək regional filiallar yaradılmışdı. Regionlarda yalnız Telekommunikasiya strukturlarında rayon səviyyəli idarəetmə qalırdı. Artıq bir müddətdir ki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-də də struktur istahatlarına başlanıb. Bu islahatlar “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq aparılır.
Rayonlardakı Telekommunikasiya Qovşaqları ləğv edilərək idarəetmənin daha effektiv qurulması üçün Regional Filiallar yaradılır. Aztelekom MMC daxilində 8 Regional Filialın yaradılması nəzərdə tutulur
Artıq “Şimal-Şərq Regional Filialı" (Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz Telekommunikasiya Qovşaqları) və "Aran Regional Filialı” (Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdam Telekommunikasiya Qovşaqları) yaradılıb.
Xatırladıram ki, bir neçə il öncə Nazirliyin digər bir qurumu - BTRİB də yenidən təşkil olunaraq “Bakı Telefon Rabitəsi” MMC-yə çevrilmişdi.
O zaman BTRİB-in strukturuna olan 7 Avtomat Telefon qovşaqları ləğv edilərək hazırda fəaliyyət göstərən Rabitə Xidmətləri Mərkəzlərinə çevrilib. Hazirda bu qurumun tərkibində “Azərrabitəlayihə” MMC, eləcə də telekommunikasiya operatoru “Azeurotel” MMC fəaliyyət göstərir.
Telekommunikasiya sektorunda aparılan təkmilləşmə işlərinin yekunu olaraq, Nazirlik tərkibində olan Aztelekom və Baktelecom dövlət operatorlarının birləşdirilməsi və Aztelekom adında vahid dövlət telekommunikasiya operatorunun yaradılması nəzərdə tutulub.
Aydındır ki, iki dövlət operatorunun birləşməsi ilə daha çevik və effektiv idarəetmə əldə etmək mümkün olmasına baxmayarq daha güclü dövlət operatorunun formalaşması ilə sektorda rəqabətlə bağlı risklər də yarana bilər .
RİNN son zamanlarda rəqabətli mühitin formalaşması məqsədilə dövlət-özəl tərəfdaşlığı təşəbbüsü də irəli sürüb.
Güman etmək olar ki, Nazirlik tərkibində bir müddət öncə Prezident fərmanı əsasında aparılan struktur islahatları da məhz həm də bu amillərlə bağlıdır.
Struktur istahatlarında əsas istiqamət tənzimləmə ilə bağlı idi.
Məlum olduğu kimi bir neçə gün öncə Prezidentin fərmanı əsasında sektorda tənzimləmə və rəqabətli mühitin inkişafı məqsədilə yeni qurum - İKT Agentliyi də yaradılıb.
Sektorda rəqabətin güclənməsi, dövlətə məxsus rabitə resurslarından dövlət və özəl operatorların bərabər əsaslarla istifadəsi, rabitə və internet xidmətlərinə əlçatanlığın və keyfiyyətin artırılması istiqamətində yeni yaranan qurumlardan gözləntilər çoxdur".
Aytac Aslan
















