TƏBİB-in tabeliyində olan tibb müəssisələrində xüsusiləşdirilmiş vərəm əleyhinə xəstəxanalarda vərəmlə mübarizə üzrə göstərilən xidmətlər təkmilləşdirilir.
Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, strukturun təkmilləşdirilməsi, şəraitin daha yaxşılaşdırılması məqsədi ilə “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna daxil olan 7 nömrəli Vərəm Əleyhinə Dispanser Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi 50 a ünvanına köçürüləcək.
Eyni zamanda, bundan sonra çox sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi Mərkəzin strukturuna daxil olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının, geniş sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi isə 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının bazasında ayrılan şöbələrdə təşkil ediləcək.
















