Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhərinin bir sıra ərazilərində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, 20 fevral saat 23:00-dan 23 fevral saat 08:00-dək Xətai rayonunda Fəzail Bayramov küçəsinin Xətai prospektindən Gülarə Qədirbəyova küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bundan başqa, 21 fevral saat 08:00-dan 23 fevral saat 22:00-dək Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonunda yerləşən Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam dayandırılacaq.
Sürücülərə qeyd olunan ərazilərdə diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və zərurət yarandıqda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Bakı 




