• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bank sektorunda güzəştlərin vaxtı UZADILDI

GÜNDƏM

04 Oktyabr 2021 | 10:35

Bank sektorunda güzəştlərin vaxtı UZADILDI

Azərbaycan Mərkəzi Bankı növbəti dəfə koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə dəstəkləyici tədbirlərin vaxtının uzadılması barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qərara əsasən pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti uzadılıb. Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılıb.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda banklara borclunun kredit tarixçəsinin pisləşməməsini tövsiyə edir. Deputat qeyd edib ki, pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu ilin sonunadək uzadılıb: “Mərkəzi Bankın açıqlamasına görə, iqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankının İdarə Heyətinin 30 sentyabr 2021-ci il tarixli 26 nömrəli qərarına əsasən requlyativ dəstək tədbirlərinə yenidən baxılmış, ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb”.

Deputat bildirib ki, Milli Məclisin yaz sessiyasında pandemiya ilə yanaşı 2015-ci ildə baş verən devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını da təklif edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə maliyyə sektoruna dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunub. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026