Bu gün Novruz bayramıdır. Süfrələrimiz dadlı-ləzzətli təamlarla bəzənib. Amma bayram günlərində qidalardan zəhərlənmə hallarına, mədə-bağırsaq problemlərinə daha çox rast gəlinir. Bəs bayram günlərində nə yeyək, necə yeyək ki, bu problemlərdən uzaq olaq?
Dietoloq Ofelya Tahirova Bakıvaxtı.az-a bildirib ki, zəhərlənmələrin əsas səbəbi bayramda çoxlu qidaların bişirilməsi və növbəti günlər həmin köhnə yeməklərin yeyilməsidir: “Novruz bayramında, xüsusilə milli mətbəxə müraciət olunur. Orqanizmə ziyanlı olsa belə, az miqdarda qəbulunun əleyhinə deyiləm. Çünki ildə bir dəfə olur, milli adət-ənənəmizə uyğun süfrə qurulur. Hər bir kəs də istəyir ki, həmin təamlardan dadsın. Amma burda əsas iki nüans var: birincisi, istehlak etdiyimiz həmin şirniyyatları yaxşı olar ki, axşam saatlarına saxlamayaq. Günorta saatlarına qədər qəbul etməyimiz daha məqsədəuyğundur. Həmçinin, həddən çox yemək yox, sadəcə hamısının az-az dadına baxmaq daha məqsədəmüvafiqdir".
Dietoloq deyir ki, xüsusən yüksək qan təzyiqi, şəkər, ürək xəstəliyi olan, kökəlməyə meyilli, yaşlı insanlar risk qrupuna daxildir. Amma günlük aktiv həyat tərzi sürən, sağlam orqanizmə mənsub olan insanlar üçün qorxulu nüans yoxdur. Çünki bu, uzun müddət davam etməyəcək: "Bilirik ki, sadəcə bayram günlərini əhatə edəcək. Bir də əsas odur ki, bayram süfrəsini axşam saatlarına salmayaq. Yeməkləri saat 7-dən sonraya saxlamamaq daha məqsədəuyğundur”.
O.Tahirovanın sözlərinə görə, maye qəbulu çox vacibdir, mütləq şəkildə gün ərzində 2 litr yarıma qədər maye qəbul olunmalıdır: “Bir də çalışaq ki, bayram ərəfəsində və sonra daha aktiv olaq. Süfrədə tərəvəzli salatlara üstünlük verilsə, un məmulatlarından daha az istifadə olunsa, yaxşı olar. Çünki zatən süfrədəki şirniyyatlarımızın tərkibi undur. Əgər ət məhsullarından hazırlanan qidalar olacaqsa, tərəvəzlə birlikdə istehlak edilməsi məsləhətdir. Yəni süfrələri tərəvəz bəzəsin. Burada, təbii ki, moyonezsiz tərəvəz salatları nəzərdə tutulur".
Diaetolq bildirir ki, qazlı, şirəli içkilərdən az qəbul edilməlidir, hətta qəbul etməmək daha məqsədəuyğundur. Ümumiyyətlə, qidalarla birlikdə qazlı içkilərin qəbulu mənfi və narahatedici köp, qəbizlik kimi problemlərə gətirib çıxaracaq.
"Bayram günlərində düzgün qidalanmalıyıq”. Bunu isə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib. Onun mətbuata verdiyi açıqlamaya görə, stolun üstündə olan hər şeydən yeməyə ehtiyac yoxdur: "Şəkər xəstələri xüsusilə bu günlərdə qidalanmalarına fikir verməlidir. Xüsusilə təzyiqdən əziyyət çəkən insanlar yağlı qidalardan uzaq dursunlar".
Həkim bayram günlərində axşam saat 7-8-dən sonra yemək yeməməyi məsləhət görür: "Heç bir xəstəliyi olmayan insanlar da buna diqqət etməlidir. Xüsusilə bayram günlərini aktiv qeyd etmək lazımdır”.
Aytac Aslan
Bakı 



