Vətən, torpaq üçün heç bir təmanna güdmədən canından keçən şəhidlərimiz bütün Azərbaycan xalqının qürurudur. Xüsusilə media nümayəndələri zəfərlə nəticələnən 44 günlük Vətən müharibəmizdən sonra onların xatirələrini yaşatmaq, ailələrinin problem və çətinliklərini ictimailəşdirmək üçün əllərindən gələni etməlidirlər. Ancaq, təəssüf ki, jurnalist adından istifadə edərək şəhid ailələrindən pul alanlar da var.
Bakıvaxtı.az saytı xəbər verir ki, mövzu ilə bağlı öz Feysbuk səhifəsində açıqlama yazan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov şəhid ailəsindən görülə işin qarşılığında pul almağın cılızlıq olduğunu bildirib:
“Bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə hesablarında bəzi jurnalistlərin çəkiliş müqabilində şəhid ailələrindən pul tələb etməsilə bağlı fikirlər yayılmaqdadır. Bununla əlaqədar Azərbaycan Mətbuat Şurasının sədri kimi mənə də müraciət edənlər var. Açığı belə bir məsələyə dair nə isə söz demək, mövqe açıqlamaq ağırdır. Nəinki ağırdır, eyni zamanda utancvericidir. Şəhid ailəsindən görülməli işin müqabilində pul tələb etmək, yaxud hər hansı təmənna ummaq mənəvi baxımdan cılızlıqdır. Demək ki, müəyyən adamlar üçün müqəddəs heç bir dəyər yoxdur və həmin adamların özünü jurnalist kimi təqdim etməsi vəziyyəti bir qədər də qəlizləşdirir. İstər-istəməz bu bizi düşündürməlidir. Ümumən media müstəvisində spekulyasiyalar hər zaman olub. Buna qarşı mübarizə aparılıb, müəyyən irəliləyişlər əldə edilib. Ancaq təəssüf ki, mübarizənin gözlənilən effekti verdiyini söyləmək mümkünsüzdür. Ümüd edirik ki, media sahəsindəki islahatlar kontekstində görülən və görüləcək tədbirlər, işə kompleks yanaşma nəticəsində dövriyyəyə girəcək konkret hüquqi mexanizmlər təsadüfi şəxslərin jurnalistika adına meydan oxumalarına sipər çəkəcəkdir. Bu, həm ümüdümüzdür, həm də arzumuzdur. Yuxarıda qeyd etdiyim hadisə də böyük ölçüdə mediadan sui-istifadədir.”

Həmçinin, o, məsələ ilə bağlı paytaxtda və rayonlardakı icra strukturları ilə təmasda olduqlarını vurğulayıb:
“Əlbəttə, jurnalist şəhid ailəsinin qapısını döyüb ondan reportaj hazırlaya, açıqlama ala bilər. Çünki bu kateqoriyadan olan insanların problem və çətinliklərinin, qayğılarının cəmiyyətə və müvafiq dövlət qurumlarına çatdırılması önəmlidir. Eləcə də cəmiyyətin şəhid övladlarımızın şücaətindən, qəhrəmanlıqlarından xəbər tutması, onların döyüş yolunun örnək məqamları ilə əlaqədar məlumatlılığı şərtdir. Azərbaycan Mətbuat Şurası olaraq biz məsələni diqqətdə saxlayırıq və saxlayacağıq. Paytaxtdakı, eləcə də rayonlardakı icra strukturları ilə təmasdayıq. Belə hallara qarşı ictimai qınaq daha da gücləndirilməlidir. Eyni zamanda hüquqi mexanizmlər də işə salınmalıdır. Əgər kimlərsə özünün səlahiyyətlərindən, statusundan istifadə edib şəhid ailələrinə münasibətdə nalayiq davranırsa, həm mənəvi, həm də hüquqi baxımdan cəzalarını almalıdırlar”.
Aytac Aslan
















