Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi daxili bazarda ölkənin strateji əhəmiyyətli malları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almalıdır. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin nizamnaməsi”ndə əksini tapıb. Nizamnaməyə əsasən, Agentliyin fəaliyyət istiqamətlərindən biri də ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görməkdir.
Bununla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a deyib ki, Azərbaycan bazarı nəzəri cəhətdən dünya bazarına inteqrasiya olunmuş bazardır: “Ona görə mən nəzəri cəhətdən deyirəm ki, dünya bazarında nəyinsə qiyməti enəndə Azərbaycan bazarı ona reaksiya vermir. Lakin dünya bazarında qiymətlər qalxanda mütləq bizdə də qalxır. Azərbaycan bazarında bir dəfə qalxan qiymət bir daha enmir”.
Onun sözlərinə görə, Azərbaycan bazarının ərzaq sektorunun çox böyük bir hissəsi xarici bazardan asılıdır. Ona görə də, yerli ərzaq istehsalına çox geniş vüsət verilməlidir: “Hökumət əlində olan imkanlardan, o cümlədən, qeyd etdiyiniz imkanlardan istifadə etmək niyyətindədir. Güman edirəm ki, işğaldan azad olunmuş torpaqların istismarı yerli ərzaq istehsalını və Azərbaycan əhalisinin ərzaq təhlükəsizliyi məsələsini həll edəcək. Prezidentin bu tapşırıqları, nəticəsini verəcək”.
AİB sədri qeyd edib ki, Azərbaycan quşçuluq məhsulları ilə tam təmin oluna bilər: “Məlumdur ki, taxılla təmin olunmur. Südçülük məhsullarının bir qismi və yumurta ilə təmin oluna bilər. Ona görə də, Azərbaycanda ehtiyatlar nə qədər artırılsa, bu sahədə iş görülsə, Azərbaycan məhsulu istehlakçılar üçün o qədər əlçatan olar”.
E.Hüseynov onu da bildirib ki, bütün hallarda yerli məhsullar keyfiyyət nöqteyi-nəzərindən də xarici məhsullardan üstündür.
“Ümumiyyətlə, ölkədə keyfiyyət məsələsi qalıb ortalıqda. Demək olar, heç kəs nəzarət etmir. AQTA sadəcə qidanın təhlükəsizliyini təmin edir. Başqa heç bir orqan qidanın keyfiyyətini təmin etmir. Çox təəssüflər olsun ki, Nazirlər Kabinetinin 343 saylı qərarı 2021-ci il mayın 18-də ləğv olunub. Bu, malların təhlükəsizliyini təmin edən çox mühüm qərarlardan biri idi. Düşünürəm ki, bu qərar yenidən bərpa olunmalıdır”, - deyə Eyyub Hüseynov əlavə edib.
Aytac Aslan
















