“BMT Baş katibi Antonio Quterreşin Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşü nəticəsiz qaldı".
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, BMT Baş katibinin Kremldən iki xahişi var idi: Rusiya Ukraynada işğalçı müharibəni dayandırsın və Mariupoldan mülki insanların çıxarılmasına şərait yaradılsın: "Kreml Antonio Quterreşin hər iki xahişini rədd etdi”.
E.Şahinoğlu qeyd edib ki, A.Quterreş Moskvadan əvvəl Ankarada Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla görüşüb Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı fikir mübadiləsi aparmışdı: “Bu faktın özü BMT-nin Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçilliyinə verdiyi müsbət qiymətə dəlalət edir. Buna baxmayaraq, Kreml Ankaranın təşəbbüslərini qulaqardına vurmaqda davam edir. Misal üçün Türkiyə rəsmiləri həftələrdir Kremlə təklif edirlər ki, Türkiyənin mülki gəmiləri Mariupol sakinlərini liman üzərindən təhlükəsiz yerə daşısın. Cavab yoxdur”.
Nurranə Daxilqızı
















