Havaların soyuması və dəyişkən iqlim şəraiti boğaz ağrısı hallarının artmasına səbəb olur. Mütəxəssislər bildirir ki, bu hal əsasən virus və ya bakteriyaların yaratdığı infeksiyalarla əlaqəlidir.
Boğaz ağrısının ən geniş yayılmış səbəbləri arasında soyuqdəymə, qrip, angina (boğaz iltihabı), allergiyalar və ətraf mühit faktorları yer alır. Quru hava, toz, siqaret tüstüsü kimi qıcıqlandırıcılar da boğazda narahatlıq və yanğı hissinə səbəb ola bilər.
Tibb sahəsində verilən açıqlamalara görə, əgər boğaz ağrısı virus mənşəlidirsə, antibiotik istifadəsi tövsiyə edilmir. Bu cür hallarda əsas məqsəd immun sistemini gücləndirmək, boğazı nəmləndirmək və orqanizmin özünün infeksiyanı aradan qaldırmasına şərait yaratmaqdır.
Bakıvaxtı.az xəbər verir ki, boğaz ağrısını yüngülləşdirmək üçün faydalı hesab edilən bəzi üsullar bunlardır:
Duzlu su ilə qarqara: Gündə bir neçə dəfə ilıq duzlu su ilə qarqara etmək boğazı təmizləyir və mikrob yükünü azalda bilər.
Bal və limonlu içkilər: İsti suya əlavə olunan bal və limon boğazı yumşaldır, iltihabı azaldır və rahatlıq verir.
Zəncəfil çayı:Təbii iltihab əleyhinə təsirə malik olan zəncəfil, boğaz ağrısını yüngülləşdirməyə kömək edir.
İsti şorbalar və bitki çayları: Bədəni isidir və boğazı nəmləndirərək narahatlığı azaldır.
Mütəxəssislər xəbərdarlıq edir ki, boğaz ağrısı 5-7 gündən çox davam edərsə, yüksək hərarət, udqunma çətinliyi və ya nəfəs almaqda problem yaranarsa, bu zaman tibbi yardıma müraciət etmək vacibdir.
Unutmayaq ki, boğaz ağrısı hər nə qədər adi hal kimi qəbul edilsə də, düzgün yanaşma və vaxtında tədbir görmək sağlamlığın qorunmasında əsas rol oynayır.
Nuriyyə Musayeva