Böyük Britaniyada ilk dəfə olaraq həkimlər baş nahiyəsində yerləşən şişi göz yuvasından keçərək minimal invaziv üsulla çıxarmağa nail olublar.
Bakıvaxtı.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ruvimbo Kaviya adlı xəstə beynin alt hissəsində və gözlərin arxasında yerləşən boşluqdan meningioma adlı şişin çıxarılması əməliyyatını keçirib.
Bu tip şişlər daha əvvəl çox vaxt çıxarıla bilməyən hesab olunurdu, çünki onlar kavernoz sinus adlanan çətin nahiyədə yerləşir. Bu növ şişlərin çıxarılması üçün ənənəvi üsulda kəllənin böyük bir hissəsinin açılması və beynin yerindən oynadılması tələb olunurdu ki, bu da çox zaman epileptik tutmalar və digər ağırlaşmalarla nəticələnirdi.
Lakin Britaniyanın Lidz tədris xəstəxanalarının NHS fondunun cərrahları ilk dəfə bu şişi göz yuvasından keçərək minimal invaziv üsulla çıxarmağa nail olublar. Mütəxəssislər əməliyyatı icra etməzdən əvvəl Ruvimbo Kaviyanın başının 3D modellərindən və daha sonra kadavr laboratoriyasında təcrübələrdən istifadə edərək əməliyyatı dəfələrlə məşq ediblər.