Qazaxıstan və Çin 2027-ci ilə qədər Çindən yük axınının artırılması üçün nəqliyyat sahəsində bir sıra infrastruktur layihələri həyata keçirməyi planlaşdırır.
Bakıvaxtı.az “Qazaxıstan Dəmir Yolları” (KTJ) şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu razılaşma fevralın 19-da Çinin Urumçi şəhərində Sincan-Uyğur Muxtar Rayonu (SUMR) Kommunist Partiyasının katibi Ma Sinjuy ilə KTJ-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında keçirilən görüşün sonunda əldə edilib.
"Görüş zamanı tərəflər 2025-2026-cı illərdə Almatı aqlomerasiyasında nəqliyyat-logistika habının yaradılması, Dostık-Alaşankou sərhəd-keçid məntəqəsinin inkişafı və Baxtı-Ayagöz dəmir yolu xəttinin tikintisi layihəsinin həyata keçirilməsi barədə razılığa gəliblər", - məlumatda qeyd olunub.
Sinjuy görüşdə bildirib ki, 2024-cü ildə Qazaxıstan və Çin arasında dəmir yolu ilə daşımaların həcmi rekord səviyyəyə - 32 milyon tona çatıb.
"SUMR rəhbərliyi Qazaxıstanda nəqliyyat-logistika mərkəzinin tikintisinə 1 milyard yuan (137,3 milyon ABŞ dolları) sərmayə yatırılması ilə bağlı qərar qəbul edib", - məlumatda bildirilib.