Dekabrın 21-dən Yer qış günəş duruşu nöqtəsindən keçib. Bu hərəkət epliktika boyunca davam edir. Nəticədə fəsil dəyişkənliyi baş verdi, qış payızı əvəzlədi. Bu o deməkdir ki, dekabrın 21-də gecənin ən uzun, gündüzün isə ən qısa vaxtı oldu.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi Bəhmən Əliyev Bakıvaxtı.az-a bildirib ki, bu gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə olub: "Xalq təqviminə görə, qış fəsli dekabrın 22-dən martın 22-dək davam edir, 40 gün Böyük çillə, 20 gün Kiçik Çillədən və 30 gün isə Boz aydan ibarətdir. Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq”.
Onun sözlərinə görə, ötən gecə yarısı Günəş Qış gündönümündə (22 dekabr) zodiakın ən dərin guşəsinə - Oğlaq (Təkə) bürcünə girib. Həmin vaxt ilin ən uzun gecəsi - “Böyük Çillə”, el arasında “Qaraqış” deyilən dövr başlayıb.
“Böyük çillə” qışın başlanğıc günündən, yəni dekabrın 22-dən fevralın 1-2-dək olan qırx günlük vaxtdır, bu müddət isə hər biri 7 gündən ibarət 4 balaca çilləyə, başqa sözlə, çilləbeçəyə bölünür... Tarixən müxtəlif inanclar, inamlarla zənginləşsə də gecə-gündüz bərabərləşməsindən, Günəşin Oğlaq bürcünə daxil olmasından və s. aydın görünür ki, bu astronomik, təbiət prosesləri ilə bağlıdır.
Nuranə Daxilqızı


png-1640169255.png)













