Aprelin 5-də ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin və Nikol Paşinyanın iştirakı ilə Brüsseldə üçtərəfli görüş keçiriləcək.
Bu görüşdən nə gözlənilir?
Politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında təqdim olunan gündəlikdə əsas məsələlərdən birinin Ermənistana təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı olduğunu bildirib.
O, bundan sonrakı dövrdə Amerika tərəfindən verilən açıqlamaların bir az fərqli olduğunu diqqətə çatdırıb. Politoloq bu görüşdə daha çox Ermənistanda demokratiyanın vəziyyəti və onun iqtisadiyyatının şaxələndirilməsi, dayanıqlığının artırılması ilə bağlı məsələlərin müzakirə olunacağını bildirdiklərini söyləyib.

Oqtay Qasımov: Bu görüş bölgədəki sülh və sabitliyə zərər vuracaq
Müsahibimizin sözlərinə görə, Ermənistanın son zamanlarda etdiyi davranışlardan bəlli olur ki, Qərbdən müəyyən təminatlar alıb:
“Ermənistanın son davranışları, xüsusən də sərhədboyu qoşunların cəmləşdirilməsi, müdafiə istehkam qurğuları, o cümlədən fortifikasiya qurğularının inşa edilməsi onu göstərir ki, Ermənistan əslində Qərbdən müəyyən təminatlar alıb və bu baxımdan özünün revanşist əhval-ruhiyyəsini gücləndirmək və gələcək revanşlar üçün hazırlıqlar görməkdədir”.
Həmsöhbətimiz sonda aprelin 5-də keçiriləcək görüşün Güney Qafqazdakı proseslərə mənfi təsir edəcəyini, onun bölgədəki sülh və sabitliyə zərər verəcəyinin aşkar olduğunu vurğulayıb:
“Hər halda ayın 5-i məlum görüşdən sonrakı açıqlamalar və davranışlar bizə daha çox bilgi verəcək”.
Mina Mikayılova
















