“İKT sektorunun ən yaddaqalan hadisəsi şübhəsiz ki, cari ilin əvvəli, Prezident İlham Əliyevin 2021-ci il 26 yanvar tarixli sərəncamı ilə Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin etməsi olub”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz 2021-ci ildə rəqəmsal transformasiyada, İKT sektorunda, Azərbaycan internetində və rəqəmsal hökumətə keçid sahəsində ən mühüm və yaddaqalan hadisələri qeyd edərkən deyib.
Onun sözlərinə görə, daha bir əhəmiyyətli hadisə isə İKT sektorunda ilk dəfə olaraq tənzimləyici qurumun yaradılması olub: “Belə ki, Prezidentin 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb və Nazirliyin tabeliyində telekommunikasiya sektorunu tənzimləməli olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb. Hələlik quruma rəhbər təyinatı olmayıb, Əsasnamələri və strukturu təsdiqlənməyib”.
Uzun illər fəaliyyətsiz qalan İnnovasiyalar Agentliyinin də Prezidentin yuxarıda adı çəkilən fərmanı ilə ləğv edilərək onun əsasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaratması da diqqət çəkən hadisə olub. O.Gündüz qeyd edib ki, Prezidentin radiotezliklər sektorunun mülkiləşdirilməsi istiqamətində 2021-ci il 4 may sərəncamı ilə Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması, quruma Rəşad Nəbiyevin sədr təyin olunması da yaddaqalan olub. Bununla da uzun illərdən bəri “Generallar Komissiyası” adlanan , daha çox hərbi-inzibati yönümlü qurumun fəaliyyətinə son qoyulub.
AİF prezidentinin sözlərinə görə, dövlət sektorunda informasiya təhlükəsizlyinə cavabdeh qurumun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin formalaşması, kritik informasiya sistemləri sahəsində əlavə səlahiyyətlər əldə etməsi diqqət çəkən məsələ olub: “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Strategiya bu il də qəbul edilməyib Cari ildə qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdeh qurumun, RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin uzun illər rəhbəri olan Faiq Fərmanov da vəzifəsindən azad edilmiş və onun yerinə özəl sektordan olan Şahin Əliyev təyin edilib”.
Qarabağda, işğaldan azad edilən Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin gerçəkləşməsinə start verilməsi, bir çox xarici şirkətlərin bu prosesə cəlb edilməsi də yaddaqalan işlərdən olub: “Prezident 19 aprel 2021-ci il tarixdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında sərəncam verib. Hələlik Konsepsiya təsdiqlənməyib”.
O.Gündüz bildirib ki, “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezidentin 2021-ci il 27 aprel tarixli Fərmanı da yadda qalan olub. RİNN rəsmiləri Konsepsiyanın hazırlanaraq hökumətə təqdim edildiyini bildirib, hələlik konsepsiya təsdiqlənməyib.
Prezidentin 27 aprel 2021-ci il tarixli fərmanı ilə "Azərkosmos”, "Aztelekom”, AzInTelecom, "Azərpoçt” və "Bakı Telefon Rabitəsi” qurumlarının Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılması da yaddaqalan olub. Hazırda Aztelekom-da regional idarəetməyə keçid prosesi gedir. Bir neçə gün öncə quruma xarici vətəndaşın baş direktor təyinatı da olub: “Gözləntilərə görə növbəti ilə Baktelekom və Aztelekom əsasında ölkə üzrə vahid dövlət operatorunun yaradılması nəzərdə tutulub”.
AİF prezidenti deyib ki, keyfiyyətli internet xidmətinə əlçatanlıq problemi indiyədək öz həllini tapmayıb. RİNN-in yeni rəhbərliyi problemin həlli üçün cari ilin əvvəlindən yeni yanaşma tətbiq edib: “Belə ki, hazırda Bakı ətrfaı və regionlarda “dövlət özəl tərəfdaşlığı ” çərçivəsində, özəl provayderləri də cəlb etməklə GPON texnologiyası ilə fiber optik infrastrukturun qurulması prosesi gedir. Regionlarda və Bakı ətrfaında dövlət və özəl sektora məxsus çoxsaylı briqadalar işləyir. Nazir 2023-cü ilin sonunadək ölkə üzrə internet probleminin tamamilə həll olunacağını bir neçə dəfə açıqlayıb”.
Rəqəmsal hökumətə keçid istiqamətində müəyyən addımlar atıldığını deyən Osman Gündüzn sözlərinə görə, regional hökumət qurucluğuna start verilib, pilot qaydada bir neçə icra hakimiyyətinin xidmətləri elektronlaşdırılıb: “Lakin elektron hökumət sektorundakı köklü problemlər həll edilməyib. Xüsusən də dövlət qurumlarının informasiya sistemlərinin inteqarsiyası ilə bağlı Prezidentin fərmanı icra edilmədiyindən bir çox dövlət qurumları hələ də bir –birilərinin elektron sənədlərini tanımırlar. VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi Estoniyanın X-Road sistemi əvəzinə ASAN Bridge sisteminin qurulmasını başa çatdırdığını bildirsə də , müşahidələr göstərir ki inteqrasiya başa çatmayıb, elektron formada olan səndələrin çap edilərək yenidən notarial təsdiqinin tələb edilməsi praktiksaı bu il də davam edib. VXSİ Dövlət Agentliyinin eGov sahəsində koordinasiya işləri də ləng olub”.
COVİD pasportlarımızın xarici ölkələrdə tanınmaması da cari ildə diqqət çəkən məsələ olub. Dediyinə görə, RİNN dövlət resurslarının Hökumət Buluduna miqrasiyasını başa çatdıra bilməyib və bu səbəbdən də xərclərin optimallaşması gerçıəkləşməyib: “Cari ildə Mobil Notariat , Smart Customs kimi mobil həllər kütləvi istifadə və faydalılıq baxımından yaddaqalan olub”.
Onun sözlərinə görə. Azərbaycan internetində cari ildə ən yaddaqalan hadisələrdən biri də ilk dəfə olaraq internetdə lisenziyalaşmanın təbiqinin nəzərdə tutulması, onlayn medianın tənzimlənməsi olub: “Belə ki , hazırda Milli Məclisdə 3-cü oxunuşa verilən Media haqqında qanun layihəsində İnternetTV-lərin lisenziyalaşması da nəzərdə tutulub. Cari ildə TikTok platformasının Azərbaycanda daha çox populyarlaşması da yaddaqalan olub”.
Aytac Aslan
















