• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu il toyu olan hər üç cütlükdən biri boşanıb: “Əxlaqi məsələlər…”

GÜNDƏM

22 Oktyabr 2021 | 10:58

Bu il toyu olan hər üç cütlükdən biri boşanıb: “Əxlaqi məsələlər…”

Son rəsmi statistikaya görə, 2021-ci ildə toyu olan hər üç cütlükdən biri boşanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 cütlük nikaha daxil olub. Bu dövrdə 11 313 boşanma halları qeydə alınıb. 

Bəs, ölkədə boşanmaların sayının artmasının səbəbi nədir?

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu Bakıvaxtı.az-a bildirib ki, boşanma özü bir davranış hadisəsidir və bu hadisəyə təsir edən amillər var.

“Çox adam hesab edir ki, boşanmaların səbəbi iqtisadi vəziyyətlə bağlıdır. Amma bu yalnış fikirdir. Məsələnin kökü və səbəbləri başqadır. Boşanmalar ancaq iqtisadi məsələ ilə bağlı olsaydı, ötən əsr ölkədə iqtisadi vəziyyət indiki vəziyyətdən qat-qat ağır olub. Amma boşanmalar bu sayda olmurdu.  

Belə nəticəyə gəlmər olur ki, cəmiyyət günü-gündən mürəkkəbləşir və nəticədə həssaslaşır.

30-40 il bundan əvvəl evlənən insanlarda ailə haqqında aydın fikir var idi. Xanım bilirdi ki, onun ər evində hansı borcu var. Bəy bilirdi ki, onun ailə qarşısında hansı borcu var. Ərlə arvad qayınana və qayınata ilə birlikdə bir evdə yaşayırdılar. İndiki dövrdə hər şey dəyişib. Evlənənlərin ailə haqqında təsəvvürləri belə yoxdur. Ailə haqqında evdə bir şey eşidirlər, sosial şəbəkələrdə başqa şey görürlər və s. Yəni ailə quranlar əvvəlki nəsillər kimi ailəyə məsuliyyətlə yanaşmırlar”, - deyə Ə.Qəşəmoğlu bildirib.

Sosioloq boşanmaya səbəb olan dörd amili açıqlayıb: “Boşanma özü bir davranış hadisəsidir. Davranışa təsir edən 4 mühüm amil var. Birincisi, insanın psixoloji keyfiyyətləri, yəni xisləti. İkincisi, mühit, üçüncüsü, qəbul etdiyi informasiyalar, dördüncüsü isə üstünlük verilən dəyərlərdir.

30-40 il bundan öncə ictimai qınaq ailələrin möhkəmlənməsində mühüm rol oynayırdı. Din ailə məsələlərinə mühüm təsir edirdi. Baxmayaraq ki, sovet dövründə din qadağan olunmuşdu, amma öz müsbət rolunu həmişə oynayırdı. Əxlaq məsələlərinə sovet dövründə və ondan öncə də ciddi fikir verilirdi.

Mühit yaxşı olanda insanın neqativ fikirləri bloklanır. Mühit pis olanda insanın arzuolunmaz, münaqişə törədən xüsusiyyətləri inkişaf edir.

Aldığımız informasiyalar da yaxşı deyil. Televiziya kanallarında ancaq ailənin dağılmasından danışırlar. Məsələn, ailə münaqişəsi zəminində belə qətl oldu və s. Nümunəvi ailələr tamamılə yaddan çıxıb.

Mənəvi dəyərlər öndə olsa, cəmiyyət öz-özünü tənzimləyə bilər. Bu dəyərlər arxada olanda bu və bu kimi xoşagəlməz hadisələr yaşanır. Qeyd etdiyim dörd amili tənzimləyərək öz platformamızı yaratmalıyıq. Ailə ilə bağlı elmi-tədqiqat institutları bu istiqamətdə işləməlidirlər”.

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026