UNEC voleybol klubunun 8 oyunçusu qrip və yüksək hərarətdən əziyyət çəkir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə UNEC voleybol klubunun rəhbərliyinin Azərbaycan Voleybol Federasiyasına müraciətində bildirilir.
Müraciətdə qeyd olunur ki, onlar artıq bir neçə gündür, məşq prosesində də iştirak edə bilmirlər: "Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də "Murov" klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun".
Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi "Murov" - "UNEC" qarşılaşmasının təxirə salınmasını qərara alıb.
Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə, yanvarın 13-də yalnız "Azərreyl" - "Abşeron" qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.
















