"Rəsmi Bakının İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdən imtina etməsi üçün ciddi əsasları var və bu qərar Azərbaycan prezidentinin iradəsinin, qətiyyətinin göstəricisidir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının yanaşması ondan ibarətdir ki, regionda həll olunmamış məsələlər qalsın: "Bu təşkilatın aparıcı iki ölkəsindən biri olan Fransa Azərbaycana qarşı aşkar düşmən mövqeyindədir və Ermənistanın təcavüzkarlıq siyasətini dəsrəkləyir. Son günlərdə də Azərbaycan ərazisi olan Qarabağda separatizmi dəstəkləyirdi. Belə olan halda sammitdə çərçivəsində görüşlər Azərbaycanın əleyhinə olacaqdır. Fransanın səyləri nəticəsində bölgədə sülh prosesi ləngiyir".
Deputat deyib ki, Fransa Ermənistanı Azərbaycana qarşı təxribatlara sövq edib və təxribatlardan dərhal sonra Azərbaycana qarşı bəyanatlar verib və hesabatlar yayıb: "Avropa Siyasi Birliyinin sammitində müzakirələrin qərəzli olacağı üçün Azərbaycan sammitdə iştirakdan imtina edib. Türkiyə region dövlətidir və onun sülh proseslərində iştirakı təbii haldır. Fransanın cəhdləri nəticəsində Türkiyənin iştirakı mümkün olmayıb. Bu da Azərbaycanın görüşdən imtinası üçün əsas olubdur. Fransa parlamentinin Azərbaycan parlamenti ilə işçi qrupunun fəaliyyətini danayandırması və digər məqamlar da göstərir ki, Fransanın iştirakı ilə konstruktiv danışıqlar aparmaq mümkün deyil".
Ramid İbrahimov
















