• Bakı 23° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Məktəb bufetləri: uşaqlara nələri satmaq olmaz?

CƏMİYYƏT

18 Sentyabr 2024 | 09:34

Məktəb bufetləri: uşaqlara nələri satmaq olmaz?

Yeni tədris ili başlayıb. Dərslərin başlaması gününün müəyyən hissəsini məktəbdə keçirən uşaqların valideynlərini narahat edir. Bu narahatlığın səbəbi isə bufetlərdə təqdim edilən qidalarla ilə bağlıdır.

Maraqlıdır məktəb bufetləri necə təşkil edilməli və hansı standartlara cavab verməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirib ki, məktəb bufetlərinin təşkilində diqqət edilməli olan əsas prinsiplər və standartlar şagirdlərin sağlam və balanslı qidalanmasını təmin etməkdir ki, bunun üçün də təklif olunan yeməklər yağlar, şəkər və duz tərkibinə nəzarət edilərək hazırlanmalıdır.

Ekspertin sözlərinə görə, bufetlərdə təzə meyvə-tərəvəz, tam taxıllı məhsullar, protein qaynaqları (ət, balıq, yumurta və s.), süd məhsulları yer almalıdır. Qızartma yeməklərdən, şəkərli, qazlı içkilərdən və çox yağlı fast-food qidalardan uzaq durmaq vacibdir:

“Məktəb bufetləri mütləq gigiyena və qida təhlükəsizliyi standartlarına cavab verməlidir. Qidaların saxlanması, hazırlanması və servis edilməsi prosesində sanitariya qaydalarına ciddi əməl edilməlidir. Qida məhsulları müvafiq temperaturda saxlanmalı və çarpaz çirklənmənin qarşısı alınmalıdır. İşçilər üçün gigiyena qaydalarına əməl etmək, xüsusi iş geyimi, əlcəklər və saç örtükləri istifadə etmək vacibdir. Bufetlər müntəzəm olaraq təmizlənməli və dezinfeksiya edilməlidir”.

A.Vəliyev qeyd edib ki, şagirdlərin qidalanma ehtiyacları müxtəlif olduğundan bufetlərdə müxtəlif menyu seçimləri olmalı, allergiyası və ya xüsusi qida rejimi olan şagirdlər üçün uyğun alternativlər təklif edilməlidir.

Asim Vəliyev, Qida eksperti

Müsahibimizin sözlərinə görə, məktəb bufetlərində təklif olunan yeməklərin qiymətləri şagirdlər və valideynlər üçün əlverişli olmalıdır. Ekspert nəzərə çatdırıb ki, qiymət siyasəti balanslı olmalı, sağlam yeməkləri hər kəs üçün əlçatan etmək üçün qiymətlər ucuz, lakin keyfiyyət yüksək saxlanmalıdır ki, bu yolla da şagirdlər sağlam yeməklərə maraq göstərə biləcəklər.

Asim Vəliyev bildirib ki, məktəblərdə sağlam qidalanma haqqında maarifləndirmə proqramları həyata keçirilməlidir və bufetlər yalnız qida təklif edən məkanlar kimi yox, həm də şagirdlərə sağlam qidalanma mədəniyyətini aşılayan yerlər olmalıdır. Bildirib ki, bufetdə qidalanma etiketi haqqında məlumat lövhələri, sağlam qidalanmanın əhəmiyyəti barədə məlumatlar yerləşdirilməli, həmçinin, sağlam qidalanma ilə bağlı mühazirələr və seminarlar təşkil edilə bilər:

“Bufetlərin səmərəli idarə olunması da vacibdir. Məktəb rəhbərliyi ilə əməkdaşlıq edərək menyuların hazırlanması, qida ehtiyaclarının vaxtında və düzgün təchiz edilməsi, keyfiyyətə nəzarət kimi məsələlərə diqqət yetirilməlidir. Bunun üçün müvafiq idarəçilik və logistika sistemləri qurulmalı, bufet işçiləri də mütəmadi təlimlərdən keçməlidir”.

Qeyd edək ki, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”na əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı müəyyən olunub:

1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu;

2. Bir gün əvvəl hazırlanmış qida;

3. Xarab olma əlamətləri olan meyvə-tərəvəz məhsulları;

4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları;

5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla);

6. İçalatı təmizlənməmiş quş;

7. Vəhşi heyvanların əti;

8. Suda üzən quşların yumurtası və əti;

9. Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta;

10. Hermetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər;

11. Termiki emala məruz qalmayan yaxıl noxud;

12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar;

13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər;

14. Kremli şirniyyat məmulatları (piroq və tortlar);

15. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;

16. Ev şəraitində hazırlanmış qatıq.

17. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları);

18. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas;

19. Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;

20. Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;

21. Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər;

22. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar;

23. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr;

24. Təbii qəhvə, alkoqollu, enerji içkiləri;

25. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar;

26. Qazlaşdırılmış içkilər;

27. Bitki yağları əsasında süd məhsulları və dondurma;

28. Saqqız, çipslər;

29. Tərkibində etanol olan (0,5 faizdən artıq) qımız və turş süd məhsulları;

30. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, ətli jele (“studen”), doğramac, paştetlər, siyənək balığından forşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər;

31. Yumurtalı makaronlar, qayğanaq;

32. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.

Mina Mikayılova


SON XƏBƏRLƏR