Son günlərdə koronavirusa yoluxma sayı artmaqdadır. Dünyanın bütün ölkələrində virusun yeni dalğası başlayıb. Bununla belə, insanlar hələlik adi həyatlarına davam edə bilirlər.
Bəs virusun növbəti dağlalarından necə qoruna bilərik?
Bakıvaxtı.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib ki, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyət qurumun Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyası və "Omikron" ştamına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə yerli vaksinasiya strategiyasına uyğun olaraq müvafiq qrupların COVID-19 peyvəndinin ilkin 2 dozası və 1-ci “buster” dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir.
Bununla yanaşı, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır.
5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci “buster” dozanın tətbiq edilməsi, yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi, mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi tövsiyələr arasında yer alıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Bakıvaxtı.az-a deyib ki, koronavirus var olduğu müddətcə, hamımız onunla qarşılaşa bilərik:
“Əsas odur ki, qarşılaşdığımız zaman həyati təhlükə yaşamayaq və ciddi şəkildə səhhətimizi qoruya bilək. Peyvənd olunan insanların “buster” dozaların gəldiyini nəzərə alaraq, vaxtında vaksinasiya olunmaları tövsiyə olunur. Yəni xəstələnəndən sonra bunu etməyin mənası yoxdur. Payız aylarına hazırlıq zamanı da ən gözəl vaxt indidir, yaydır".
Onun sözlərinə görə, peyvəndlənmə rəqəmlərinə baxdığımız zaman görürük ki, cəmiyyətimiz bu məsələyə çox da həssas yanaşmır: "Mənim həkim-ekspert kimi məsləhətim o olar ki, peyvəndlənmə işinə məntiqin, ağılın bizə diqtə etmiş olduğu reallıqlar fonunda yanaşaq”.
Nuranə Daxilqızı
















