Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
Bakıvaxtı.az xəbər verir ki, iki qardaş ölkənin ortaq akademik platforması olan Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda ümumilikdə 174 tələbə təhsil alır, cari tədris ili üzrə qəbul olunan tələbələrin sayı 92, ötən il qəbul olunan tələbələrin sayı 82-dir.
Cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674.3, sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 654.4, qida mühəndisliyi ixtisasında ən yüksək bal 553.6 olub.
Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” modelidir. Azərbaycan tərəfi torpaq, bina, laboratoriya, avadanlıq kimi maliyyə və texniki imkanları təmin edir. Türkiyə tərəfi tədrisin keyfiyyəti, proqramların təşkili, 8 semestrlik tədris planının icrası ilə məşğuldur. Belə ki bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. TAU-nun Azərbaycan tərəfdən tərəfdaşı Azərbaycan Texniki Universiteti (AzTU) sayılır.
Türkiyə-Azərbaycan Universitetində təhsil dövlət hesabınadır və tədris ingiliscə həyata keçirilir. TAU tələbələrinin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Proqramları uğurla bitirənlərə həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq səviyyədə tanınan diplomları təqdim olunur və bu, məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış deməkdir.
Zeynəb Rzayeva
Bakı 




